Bank əməkdaşı pulu sayarkən 100 manatı qəsdən yerə atırmış

 Bank əməkdaşı pulu sayarkən 100 manatı qəsdən yerə atırmış

“Kapital Bank” ASC-nin Göyçay filialında kassir vəzifəsində çalışan əməkdaşının işdən çıxarılması ilə bağlı məhkəmə mübahisə yekunlaşıb.

Asayis.az Plat.az-a istinadən xəbər verir ki, iş materiallarına görə, R.Osmanov 2022-ci il tarixli əmək müqaviləsi əsasında “Kapital Bank” ASC-nin Göyçay filialının xidmət bölməsində kassa üzrə baş mütəxəssis vəzifəsinə işə qəbul edilib. Onunla əmək müqaviləsi müddətsiz bağlanıb.

R.Osmanovun işdən çıxarılmasına səbəb olan hadisə isə, 2025-ci ildə bankda pul vəsaitinin sayılması zamanı baş verib. R.Osmanovun bankın İdarə Heyətinin sədrinə ünvanladığı izahatda bildirdiyinə görə, müştəri N.S-in (şərti) alqı-satqı əməliyyatı üzrə ödədiyi 40 000 manatı sayarkən 100 manatlıq əsginası yerə atıb. Sonra o, müştəriyə pulun əskik olduğunu deyib. Müştəri buna etiraz edib. Daha sonra kamera görüntüləri yoxlanılarkən yerə düşmüş pul tapılaraq kassaya qaytarılıb.

Əməkdaş izahatında bu hadisənin ilk dəfə baş vermədiyini də etiraf edib. O, daha əvvəl, iyulun 4-də müştərilərdən birinin ödədiyi 80 000 manatı sayarkən 100 manatlıq əsginası yerə atdığını, günün sonunda isə, həmin pulu stolun arxasından götürərək kassadan çıxardığını bildirib. R.Osmanov hərəkətlərinə görə peşman olduğunu və gələcəkdə belə hallara yol verməyəcəyini qeyd edib.

Bundan sonra bankın rəhbərliyi tərəfindən əməkdaşın əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin müvafiq bəndinə əsasən, əmək vəzifələrinin kobud şəkildə pozulması səbəbindən xitam verilməsi məsələsinə baxılıb. Bankın aidiyyəti komitəsinin Rəyasət Heyətinin iclasında əmək müqaviləsinə bu əsasla xitam verilməsi məqsədəuyğun hesab edilib. Nəticədə 2025-ci ildə müvafiq əmr imzalanıb.

Əmrdə R.Osmanovun qanunvericiliyi və bankın daxili təlimatlarını kobud şəkildə pozduğu, əmək funksiyalarını və vəzifə öhdəliklərini yerinə yetirmədiyi, bununla da ASC-nin qanunla qorunan mənafelərinə ziyan vurduğu qeyd olunub.

R.Osmanov əmrin qanunsuz olduğunu iddia edərək məhkəməyə müraciət edib. O, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunmasını, Göyçay filialında kassa üzrə baş mütəxəssis vəzifəsinə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün orta əməkhaqqının ödənilməsini istəyib.

Məhkəmə iclasında iddiaçı izahatını könüllü yazmadığını, ona diktə edildiyini bildirib və iddiasının təmin olunmasını xahiş edib.

Bankın nümayəndəsi barışığın mümkün olmadığını qeyd edərək iddianın rədd edilməsini istəyib.

Məhkəmə prosesində şahidlər də dindirilib. Şahidlərdən biri bankda pulun əskik olması ilə bağlı mübahisə yarandığını, daha sonra əskik hesab edilən pulun tapılaraq müştəriyə verildiyini bildirib. Digər şahid isə, ev alarkən 81 000 manat ödədiyini və R.Osmanovun ona 300 manat artıq pul verdiyini deyərək geri qaytardığını qeyd edib.

Nəsimi Rayon Məhkəməsi 2025-ci ildə iddianı rədd edib. Birinci instansiya məhkəməsi təqdim olunan kamera görüntülərini araşdıraraq, iddiaçının pul vəsaitini bilərəkdən ayırıb yerə atdığı qənaətinə gəlib. Məhkəmənin qiymətləndirməsinə görə, müştəri pulun tam məbləğdə verildiyini bildirsə də, yaranmış mübahisədən sonra otağa baxış keçirilib və yerdən 100 manatlıq əsginas aşkarlanıb.

Məhkəmə iddiaçının izahatının məcburiyyət altında və diktə edilməklə yazıldığı barədə dəlillərini də əsaslı hesab etməyib. Qərarda göstərilib ki, R.Osmanov bu iddiasını təsdiqləyən sübut təqdim etməyib və izahatı hansı səbəbdən məcburi yazdığını əsaslandıran inandırıcı dəlillər göstərməyib.

Birinci instansiya məhkəməsi hesab edib ki, müştəriyə məxsus pul vəsaitinin qəsdən ayrılaraq yerə atılması əmək funksiyalarının pozulması kimi qiymətləndirilməlidir. Bu cür davranışın əmək müqaviləsində ayrıca qadağan olunmasının zəruri olmadığı da vurğulanıb.

İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğvini və tələblərinin təmin edilməsini istəyib. Lakin Bakı Apellyasiya Məhkəməsi 2026-cı ildə apellyasiya şikayətini təmin etməyib və Nəsimi Rayon Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb.

Bundan sonra R.Osmanov kassasiya şikayəti verib. Ali Məhkəmə şikayəti təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb.

20:42 - 23 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin