Bakıya axının əsas səbəbi budur - Vahid Əhmədov

 Bakıya axının əsas səbəbi budur - Vahid Əhmədov

Azərbaycanda avtomobillərin sayı xeyli artıb. 1993-cü ildə ölkədə təxminən 350 min avtomobil var idisə, hazırda onların sayı 2 milyonu keçib. Avtomobillərin böyük hissəsi Bakıda və Sumqayıtda cəmləşib. Bu problemin həlli üçün bir neçə istiqamətdə addımlar atmaq lazımdır. Məsələn, Yaşma və Qaradağ kimi ərazilərdə yeni şəhər salmaq, bəzi nazirlikləri və ali təhsil müəssisələrini regionlara köçürmək olar. Ancaq Bakıya axının əsas səbəblərindən biri rayonlarda iş yerlərinin azlığıdır.

Asayis.az xəbər verir ki, bunu sabiq millət vəkili Vahid Əhmədov Globalinfo.az-a geniş müsahibəsində deyib.

“Mən uzun illər Qubadan deputat olmuşam. Bu yaxınlarda həmin bölgədə olarkən bəzi kəndlərin boşaldığını gördüm. İnsanlar iş tapa bilmədikləri üçün rayon mərkəzlərinə və Bakıya üz tuturlar. Halbuki bir çox ərazilərdə yol, su və qaz infrastrukturu mövcuddur. Əsas problem iş yerlərinin olmamasıdır”, - o bildirib.

Vahid Əhmədov əlavə edib ki, Azərbaycanda 14 iqtisadi rayon var və hər biri üçün konkret dövlət proqramı hazırlanmalıdır:

“Həmin proqramlarda hansı bölgədə, hansı müddətdə və nə qədər iş yerinin yaradılacağı dəqiq göstərilməlidir. Məsələn, kənd təsərrüfatı məhsulları istehsal olunan rayonlarda emal müəssisələri yaratmaq lazımdır. Hazırda bəzi məhsulları emal etmədən, yarımfabrikat şəklində xaricə satmağa məcbur oluruq. Sumqayıtda böyük sənaye zonası yaradılıb və orada minlərlə insan çalışır. Bu cür müəssisələrin bir hissəsini Quba, Qusar və digər rayonlarda da yaratmaq mümkündür. İşğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl, Füzuli və Ağdamda sənaye zonalarının qurulması da bu baxımdan əhəmiyyətlidir. Hər regionun özünəməxsus imkanları var. Kənd təsərrüfatı, sənaye və dağ-mədən sahələrinin potensialından istifadə etməklə həmin ərazilərdə yeni iş yerləri açmaq olar. Hesab edirəm ki, bu istiqamətdə beş və onillik proqramlar hazırlanmalı, regionların iqtisadi inkişafı təmin edilməlidir. Məqsəd insanların kəndlərdə və rayonlarda yaşayıb işləməsi üçün şərait yaratmaq, Bakıya axını azaltmaq olmalıdır”.

13:08 - 12 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin