Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmamağı tövsiyə edib.
Bu barədə Asayis.az-a qurumdan məlumat verilib.
Məlumata görə, ötən gün Neftçala rayonu ərazisində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi bir daha göstərir ki, nasazlıq səbəbindən yolda dayanan avtomobil, eləcə də kömək məqsədilə saxlayan digər nəqliyyat vasitələrinin sürücü və sərnişinləri təhlükəsizlik qaydalarına əməl etmədikdə bu, digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yarada bilər:
"Xüsusilə hərəkətin intensiv olduğu yollarda dayanan avtomobilləri vaxtında görməmək ağır nəticələrə səbəb olur. Nəqliyyat vasitəsi nasazlıq səbəbindən dayanmağa məcbur olduqda, sürücü mümkün qədər onu yolun hərəkət hissəsindən kənara çəkilməli, qəza işıq siqnallarını yandırmalı və qəza dayanma nişanını digər sürücülərin vaxtında görə biləcəyi yerdə quraşdırmalıdır".
Bildirilib ki, məcburi dayanan avtomobilə yardım etmək istəyən sürücülər də öz nəqliyyat vasitələrini hərəkət zolağında və ya yolun görünüşünü məhdudlaşdıran hissəsində saxlamamalıdırlar:
"Təhlükəsizliyi təmin etmədən, yolun hərəkət hissəsində təmir işləri aparmaq yolverilməzdir. Sürücü və sərnişinlər yolun hərəkət hissəsindən uzaq, təhlükəsiz yerdə gözləməli, imkan daxilində müvafiq xidmətlərə müraciət etməlidirlər. Yolda dayanan avtomobilə yaxınlaşan digər sürücülər sürəti əvvəlcədən azaltmalı, zolağı dəyişərkən diqqətli olmalı və ara məsafəsini artırmalıdırlar. Dayanan avtomobillərin yanından yüksək sürətlə keçmək, diqqəti yayındıran vasitələrdən istifadə etmək və qəfil manevr etmək qəza riskini artırır".
