13 oktyabr - Azərbaycan dəmiryolçularının peşə bayramı ilə əlaqədar Azərbaycan Dəmir Yolları (ADY) və "KPMG Azərbaycan" şirkətinin əməkdaşlarının iştirakı ilə iməcilik keçirilib.
Bu barədə Asayis.az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, oktyabrın 9-da Lökbatan sahəsində "Yollarımız dəmir, izlərimiz təmiz" şüarı altında təşkil olunmuş iməcilikdə zəruri sanitar ləvazimatlarla təchiz edilmiş iştirakçılar tərəfindən dəmir yolu xətləri üzərinə atılmış və hərəkətin təhlükəsizliyinə risk yaradan məişət tullantıları, o cümlədən plastik və polietilen tullantılar təmizlənib, eyni zamanda, abadlıq işləri görülüb. Toplanan tullantılar aidiyyəti üzrə təhvil verilib.
ADY və "KPMG Azərbaycan"ın 100 nəfərdən çox əməkdaşının iştirak etdiyi tədbirin əsas məqsədi ADY-nin ekoloji məsuliyyəti çərçivəsində ətraf mühitin mühafizəsini gücləndirmək, əməkdaşlar arasında ekoloji maarifləndirməni artırmaq və dəmir yollarının təmizliyini qorumaqdır.
ADY bu cür iməcilikləri keçirməklə həm dəmir yolları ətrafında yerləşən icmaların sağlamlıq və gigiyenik şəraitinin yaxşılaşmasına, həm də ekoloji mühitin qorunmasına töhfə verir.
