İmişlidə Dövlət Proqramının icrasına həsr olunmuş tədbir keçirilib

 İmişlidə Dövlət Proqramının icrasına həsr olunmuş tədbir keçirilib

İmişlidə 17-18.09.2026-cı il tarixlərində kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramının icra vəziyyəti müzakirə olunub. Tədbir çərçivəsində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev, Əlaqələndirmə Qərargahının üzvləri və aidiyyəti qurumların nümayəndələri fermer təsərrüfatlarına baxış keçirərək mövcud vəziyyəti, əkin sahələrinin istifadəsi və suvarma məsələlərini yerində öyrənib, fermerlərin müraciətlərini dinləyiblər.
    Daha sonra İcra Hakimiyyətinin inzibati binasında geniş görüş keçirilib. Görüşdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ölkədə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, əkin sahələrinin dövriyyəyə cəlb olunması, məhsuldarlığın yüksəldilməsi və fermerlərin qarşılaşdıqları məsələlərin operativ həlli üçün aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, İcra başçısının 10 iyul 2026-cı il tarixli 117 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı tərəfindən rayon ərazisində kənd təsərrüfatı ilə bağlı məsələlərin operativ həlli istiqamətində tədbirlər görülür.
     Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov çıxışında Dövlət Proqramının kənd təsərrüfatının müasir tələblərə uyğun inkişaf etdirilməsi, istehsalın və məhsuldarlığın artırılması, kənd yerlərində məşğulluğun genişləndirilməsi və aqrar sahibkarlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib.
    Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev çıxış edərək aqrar sahəyə göstərilən dövlət qayğısından, fermerlərə şamil olunan subsidiyalardan və bu dəstək mexanizmlərinin istehsalçılara verdiyi üstünlüklərdən ətraflı bəhs edib. 
    Sonda fermerlər göstərilən dövlət dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək, Dövlət Proqramının icrasında fəal iştirak edəcəklərini bildiriblər.

14:26 - 19 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin