Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.
Bununla əlaqədar 1 dekabr 2026-cı il tarixdən etibarən İmişli rayonu ərazisindəki suvarma kanallarının böyük hissəsinə suyun verilişi dayandırılacaq. Məlumata görə, təmir işlərinin iki aya qədər müddətdə yekunlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, 1958-ci ildə istifadəyə verilən Bəhrəmtəpə hidroqovşağı Mil-Muğan düzünün suvarma sistemində mühüm yer tutur. Araz çayı üzərində inşa edilən hidrotexniki qurğu İmişli ilə yanaşı, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad və digər rayonların kənd təsərrüfatı torpaqlarının su təminatında mühüm rol oynayır. Hidroqovşağın saniyədə 2700 kubmetr suötürmə qabiliyyəti var və onun vasitəsilə yüz minlərlə hektar əkin sahəsinin suvarılması təmin edilir.
