Dünyada olduğu kimi, Azərbaycanda da şəhərlərə köçün artması və kəndlərdə əmək resurslarının azalması kənddən şəhərə axının qarşısının alınması məsələsini gündəm edir. İnsanların kəndlərə qayıtmasını və orada yaşamasını stimullaşdırmaq üçün hansı layihələr həyata keçirilə bilər? Dünya təcrübəsində bu, necə baş verir?
Mövzu ilə bağlı Asayis.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli dünya ölkələrində vəziyyətin tamamilə fərqli olduğunu bildirib.
“Elə ölkələr var ki, orada kənd təsərrüfatında çalışanların ümumi payı əmək qabiliyyətli əhalinin 2 faizinə qədərdir. Bizdə isə bu göstərici 37 faizdir. Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanların sayı çoxdur.
Ona görə də Azərbaycanda kənddən şəhərə gələn adamları yenidən kəndə qaytarmaq üçün kəndlərdə və ya qəsəbələrdə emal müəssisələri, zavodlar, fabriklər yaratmaq haqqında düşünülməlidir. Əhalinin sayı imkan vermir ki, kənd təsərrüfatında çalışanların qazancı yüksək olsun və onlar özlərinin sosial durumunu təmin edə bilsinlər”, - o vurğulayıb.
Ekspert insanların rayonlardan Rusiyaya və digər ölkələrə köçmək səbəbinə aydınlıq gətirib:
“Niyə daha çox rayonlardan köçürlər? Ona görə ki, iş tapa bilmirlər. Təsəvvür edin, 80-90-cı illərdə 6-7 milyon əhali var idi. Əhalinin yarısı kənddə yaşayırdı, 30-40 faizi kənd təsərrüfatı ilə məşğul olurdu.
İndi kənd təsərrüfatında məhsul istehsalı ilə məşğul olmaqda bir sıra problemlər yaranır. Suyun düzgün idarə edilməməsi, məhsuldarlığın aşağı olması kimi problemlər var. Bəs kəndliləri kənddə yaşamağa necə təşviq etmək olar?
Digər ölkələrdə, məsələn, Rusiyadakı kəndlərdə gənc ailələri evlə təmin edirlər. Kəndə köçəndə hazır evi olur. Müəyyən layihələr çərçivəsində maliyyə ayırırlar, təlimlər keçirlər. Nəyə ehtiyacı varsa, ödənilir.
Elə ölkələr var ki, çoxsaylı kotteclər tikilir və müasir yaşayış qəsəbələri yaradılır. Bütün infrastruktur təmin edilir. Sonra elan edirlər ki, həmin kəndə köçmək və işlə təmin olunmaq mümkündür. Əksər işlər mexanikləşdirilmiş şəkildə həyata keçirilir, insanlar əziyyət çəkmirlər. Məsələn, heyvandarlıqda sağımda maşınlarından istifadə olunur, bitkiçilikdə də texnikadan istifadə edilir. Artıq kəndlərdə ağır iş yoxdur.
Azərbaycanda isə bir az fərqlidir. İnsanlar kəndə hara qayıtmalıdır? Torpaqlar artıq pay edilib.
İnfrastruktur problemi də, təəssüflər olsun ki, var. İşıq, qaz, su təminatı məsələləri mövcuddur. Bunların hamısına icazə alınmalıdır. Hamısında müəyyən problemlər var.
Şəhərdən kəndə axını təmin etmək üçün hökumət külli miqdarda vəsait xərcləməlidir”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanıb.
