Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?

 Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?

Uşaq erkən yaşlarda gördüklərini müşahidə edir, təqlid edir və bu yolla öyrənir. İzlədiyi məzmun onun dil inkişafına, sosial bacarıqlarına, empatiya hissinə və davranışlarına müsbət də təsir edə bilər, mənfi də. Əsas məsələ cizgi filminin məzmunu, uşağın yaşı və izləmə müddətidir.

Bu sözləri Asayis.az-a açıqlamasında psixoloq Nizami Orucov deyib.

O bildirib ki, kiçik yaşlı uşaqlar şiddət və aqressiya elementləri olan cizgi filmlərini izlədikdə, fantaziya ilə reallıq arasındakı sərhədi tam ayırd edə bilmirlər:

“Əgər cizgi filmində zorakılıq komik formada təqdim olunur və bunun heç bir nəticəsi göstərilmirsə, uşaq belə davranışları adi və ya qəbulolunan hesab edə bilər. Bu o demək deyil ki, hər belə cizgi filmini izləyən uşaq aqressiv olacaq. Lakin davamlı olaraq bu tip məzmuna məruz qalmaq bəzi uşaqlarda aqressiv davranışların təqlid edilməsinə, empatiyanın zəifləməsinə və münaqişələri zorakılıq yolu ilə həll etməyin normal qəbul edilməsinə səbəb ola bilər”.

Onun sözlərinə görə, valideynlər cizgi filmi seçərkən ilk növbədə onun yaş məhdudiyyətinə diqqət etməlidirlər:

“Məzmun uşağın inkişaf səviyyəsinə uyğun olmalı, həddindən artıq qorxu, zorakılıq və aqressiya ehtiva etməməlidir. Eyni zamanda, dostluq, əməkdaşlıq, problem həll etmə, empatiya və məsuliyyət kimi müsbət dəyərləri təşviq edən cizgi filmlərinə üstünlük vermək daha məqsədəuyğundur.

Digər vacib məqam odur ki, cizgi filmi uşağın “dayəsi”nə çevrilməməlidir”.

Psixoloq qeyd edib ki, uşağın şəxsiyyətinin formalaşmasına təkcə cizgi filmi deyil, ailə mühiti, valideyn davranışı və gündəlik ünsiyyət daha güclü təsir göstərir:

“Cizgi filmləri bu prosesdə dəstəkləyici və ya mənfi təsir göstərən amillərdən yalnız biridir. Valideyn imkan daxilində uşaqla birlikdə izləməli, sonradan gördükləri barədə söhbət etməli və uşağın suallarını cavablandırmalıdır. Bu, uşağın izlədiyi məzmunu düzgün anlamasına kömək edir”.

08:30 - 17 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin