26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər vəzifəli şəxsləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib.
Asayis.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin abidəsi önünə gül çələngi qoyub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirib.
Nazirliyin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək, üzərinə tər qızılgüllər düzüb, ruhuna ehtiram göstərib.
Sonra fəxri qarovulun iştirakı ilə Zəfər parkı və Hərbi Memorial Məzarlıq ziyarət olunub, abidələrin önünə əklillər qoyularaq şəhidlərimizin xatirəsi yad edilib.
