A321neo ilə uçan sərnişinlər biletləri sərfəli qiymətə ala biləcək

 A321neo ilə uçan sərnişinlər biletləri sərfəli qiymətə ala biləcək

Airbus A321neo hazırda dünyanın ən təhlükəsiz və sərnişinlər üçün ən komfortlu təyyarələrindən biridir. Bu model hazırlanarkən əsas prioritet maksimum müştəri məmnuniyyəti olub.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Almaniyanın Hamburq şəhərində AZAL-ın ilk “Airbus A321neo” təyyarəsinin təqdimat mərasimində jurnalistlərin suallarını cavablandıran “Airbus” şirkətinin nümayəndəsi Malhar Pens deyib.

O bildirib ki, təyyarənin əsas üstünlüklərindən biri yüksək yanacaq səmərəliliyidir:

“Yeni nəsil mühərriklər və müasir texnologiyalar sayəsində A321neo əvvəlki nəsil təyyarələrlə müqayisədə xeyli az yanacaq sərf edir. Bu isə aviaşirkətlərin əməliyyat xərclərini azaltmasına imkan yaradır”.

Malhar Pensin sözlərinə görə, xərclərin azalması son nəticədə sərnişinlər üçün də üstünlük yaradır:

“Bu təyyarə ilə həyata keçirilən uçuşlarda sərnişinlər biletləri təxminən 20 faiz daha sərfəli qiymətə əldə edə biləcəklər”.

Şirkət nümayəndəsi əlavə edib ki, A321neo daha geniş salonu, iri baqaj bölmələri, müasir işıqlandırma sistemi və aşağı səs-küy səviyyəsi ilə sərnişinlərə daha rahat uçuş təcrübəsi təqdim edir.

Qeyd edək ki, Azərbaycan Hava Yollarının (AZAL) ilk “Airbus A321neo” təyyarəsinin təqdimat və təhvil mərasimi Almaniyanın Hamburq şəhərində keçirilir. Tədbir “Airbus”, AZAL və “AerCap” şirkətlərinin birgə təşkilatçılığı ilə baş tutur.

12:18 - 24 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin