Lənkəranda özünü televiziya kanallarından birinin əməkdaşı kimi təqdim edərək müxtəlif müəssisə və obyektlərdən pul tələb etməkdə şübhəli bilinən 34 yaşlı Şəhriyar Həsənzadə saxlanılıb.
Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla sözügedən şəxsin müəssisə və təşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq guya onların işgüzar nüfuzuna xələl gətirən reportaj hazırladığını bildirdiyi, həmin materialların televiziya və sosial şəbəkələrdə yayımlanmaması müqabilində müxtəlif məbləğlərdə pul tələb etdiyi məlum olub.
Ş.Həsənzadənin qanunsuz hərəkətləri ilə bağlı araşdırmalar və digər tədbirlər davam etdirilir.
