Sumqayıtda türməyə pul göndərmək adı ilə “haqq” yığan şəxs qətlə yetirildi - TƏFƏRRÜAT

 Sumqayıtda türməyə pul göndərmək adı ilə “haqq” yığan şəxs qətlə yetirildi - TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1985-ci il təvəllüdlü Emin Pirqurban şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı, 1965-ci il təvəllüdlü İsrayıl Quliyevi qətlə yetirib. 

Asayis.Az-ın məlumatına görə, Emin 10 iyul 2022-ci ildə, saat 15 radələrində tanışı İsrayıl ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən, "Al" market adlı ictimai iaşə obyektinin önündə görüşüb. O, özünün şəxsiyyətini İsrayıla qarşı şəxsi qərəzi olaraq kin saxlaması səbəbindən ondan pul tələb etməsi bəhanəsi ilə qəsdən mübahisə yaradaraq onu Sumqayıt şəhəri, 34-cü məhəllə, 14/18 saylı binanın qarşısına gətirib. Orada özündə saxladığı ov bıçağı ilə İsrayıla zərbələr vuraraq onu qətlə yetirib.

Hadisəni törədən Eminin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, İsrayıl dəfələrlə həbs olunub: “Həftədə bir dəfə ev alqı-satıqısı ilə məşğul olan şəxslərin yanına gələrək türməyə göndərməsi üçün 25 manat pul alıb. Onu qəsdən öldürməmişəm. Həmin gün saat 13 radələrində yenə gəldi, ona getməsini, sonra gələndə 100 manat verəcəyini dedi. Hamının içində mənə söyüş söydü, bıçağı çıxaranda hadisə baş verdi. Mən özümü müdafiə eləmək üçün İsrayılı vurmuşam. Özüm 2-ci qrup əlildir, ev alqı-satqısı ilə məşğul olmuşam, öz zəhmətim ilə pul qazanmışam. Bu adam da haqq yığıb, gələrək arvadımı, qızımı söyüb. Həftədə bir dəfə İsrayıl gələrək ev alqı-satqısı ilə məşğul olan adamlardan pul yığdığını, məndən dəfələrlə sahə rəisinə şikayət etdiklərini bildirdim. İsrayıl üstündə bıçaq gəzdirib, pul verməyəndə söyüb təhqir edib. Hadisə vaxtı İsrayıl məni vurmaq üçün bıçaq çıxartdı, sinəmə yumruq vurdu. İsrayılı qorxutmaq üçün vurmuşam. İsrayıl 100 metr getdi.

Özüm isə ailə üzvlərim ilə görüşdüm. Sumqayıt şəhər polis şöbəsinə getdim”.

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, həmin ifadəsində özünü ittiham üzrə təqsirli bilməyib. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 2002-ci ildə Sumqayıt şəhər 5 saylı tam orta məktəbin 11-ci sinfini bitirib: “Səhhətimdə olan problemlərə görə həqiqi hərbi xidmətdə olmamışam. 2005-ci ildə ailə həyatı qurmuşam. Uzun müddət, lap uşaqlıq yaşlarından olduğumuz evdə yaşayıram. Həmin mənzildə anam, atam, arvadım və üç övladım ilə birlikdə yaşamışam. Atam və anam təqaüdçüdür. Evin ən balaca övladı mənəm, qardaşım Ruslan avtoqəza nəticəsində ölüb, digər qardaşım Ramin məndən 7 yaş böyük olmaqla 1978-ci il təvəllüdlüdür. Mən Sumqayıt şəhəri, 34-cü məhəllədə "Nənəmin təndiri" ilə üzbəüz yerləşən "Al" marketin yanında daimi olaraq evlərin alqı-satqısı ilə məşğul olmuşam. Mənimlə birlikdə həmin ərazidə Ehtiram, Murad və digər adların bilmədiyim şəxslər evlərin alqı-satqısı ilə məşğuldur. Həmin ərazidə təxminən 3-4 ildir ki, fəaliyyət göstəmişəm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan əvvəl hər hansı əmək fəaliyyəti ilə məşğul olmayıb: “İş fəaliyyətimə əsasən tezdən saat 10 radələrində əraziyə gəlmişəm, təxminən saat 17 radələrində evə getmişəm. İsrayılı təxminən 1 ildir ki, tanımışam. İsrayıl 1 ildir ki, həftədə bir dəfə ev alqı-satıqısı ilə məşğul olan şəxslərin yanına gələrək 25 manat pul alıb. Mən bir neçə dəfə İsrayıldan bunun səbəbin soruşmuşam. O, isə müxtəlif bəhanələr gətirib”. 
Emin bildirib ki, 10 iyul 2022-ci ildə, saat 15 radələrində İsrayıl Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən "Al" marketin yanında ona yaxınlaşaraq heç bir səbəb bildirmədən yenidən 25 manat pul istəyib: “Mən bundan əvvəl bir neçə dəfə İsrayıla 25 manat pul vermişəm. İsrayıla gün ərzində pul qazanmadığımı bildirsəm də, sonuncu üzərimə gələrək yumruqla çənəmə vuraraq yenidən pul tələb etməyə başladı. Mən isə İsrayıla üzərimdə pul olmadığını desəm də, sonuncu arvadımın və qızlarımın ünvanına nalayiq söyüşlər söyməyə başladı. İsrayıl mənim qoluma girərək Sumqayıt şəhəri, 34-cü məhəllə, 14/18 saylı binanın yanına apardı. İsrayıl yenidən üzərimə gələrək yumruqla sinəmə vurdu və yenidən məni nalayiq söyüşlərlə təhqir etməyə başladı”. 

Emin qeyd edib ki, hadisələri kənardan seyr edən avtoyuma məntəqəsinin əməkdaşı Ruslan adlı şəxs İsrayıla yaxınlaşaraq "ağsaqqal söyüş söymə" deyib: “Bütün bunlara əhəmiyyət verməyən İsrayıl söyüş söyməyə davam etdi. İsrayıl cibindən bıçaq çıxardaraq məni vurmaq istədikdə sağ yan cibimdə olan qatlanan tipli bıçaqla onun sağ yan boyun nahiyyəsinə bir dəfə vurdum. İsrayılın məni və ailəmi təhqir etməyini, üzərimə bıçaq çıxartmağını, eləcə də mənim İsrayılı bıçaqla vurmağımı Ruslan görüb. Bıçağı cibimdən çıxardarkən sağ əlimin ikinci barmağını kəsmişəm. Həmin bıçağı hadisədən təxminən bir həftə öncə hazırda dəqiq xatırlamadığım yerdən əldə etmişəm. Mən İsrayılı bıçaqla vurduqdan sonra hadisə yerindən uzaqlaşdım. Daha sonra polis əməkdaşları tərəfindən tutuldum. şİsrayıl mənim arvadımın və qızımın ünvanına nalayiq söyüşlər söydüyündən, mənə yumruqla çoxsaylı zərbələr vurduğundan sonuncunu bıçaqla vurmuşam, onu öldürmək məqsədim olmayıb. İsrayılı öldürmək məqsədim olsaydı, bir bıçaq zərbəsi yox, bir neçə bıçaq zərbəsi yetirərdim. Halbuki mənim ona əlavə bıçaq xəsarətləri yetirməyimə kimsə mane olmayıb. Mən İsrayılı vuraraq dərhal ordan uzaqlaşmışam. İsrayıl həmin vaxt ölməyib. Mən İsrayılın ölməyini Muraddan eşitmişəm. İsrayıl həmişə üzərində bıçaq gəzdirib, əlini bıçağa ataraq məni vurmaq istədikdə özümü müdafiə etmək üçün üzərimdə olan bıçaqla sonuncunu vurmuşam. Üzərimdə bıçaq gəzdirməkdə məqsədim evdən kənarda mağazadan aldığım ərzaq məhsulların doğramaq olub. Mən İsrayılın boyun hissəsinə bir dəfə bıçaqla vurmuşam. Hadisə vaxtı spirtli içki qəbul etməmişəm. Hadisə zamanı paltarımın üzərinə İsrayılın qanı düşməyib. Aramızdakı mübahisə təxminən 5 dəqiqə davam etdi”.
İş üzrə zərərçəkmiş İsrayılın hüquqi varisi qismində ifadə verən qardaşının sözlərinə görə, qardaşı İsrayılı sonuncu dəfə hadisədən 10 gün qabaq görüb: “Qardaşım Sumqayıt şəhər Yaşıllaşdırma idarəsində işləyib, 280 manat maaş alıb. 10 iyul 2022-ci ildə Qurban bayramı ilə əlaqədar qurban kəsərək qohumlarıma paylayan zaman bacım Nazı zəng edərək İsrayılın bıçaqlandığını bildirdi. Mən dərhal hadisə yerinə gəldikdə artıq hüquq-mühafizə orqanlarının əməkdaşlarının orada olduğunu, Rauf Babaşovun mənə İsrayılın ölmədiyini, xəstəxananın travmatologiya şöbəsinə aparıldığını dediyini bildirdi. Deyilən xəstaxanaya getikdə qardaşımın artıq öldüyünü və Sumqayıt şəhər meyitxanasına aparıldığını öyrəndim. Bacımın uşaqları meyitə baxdı, İsrayılın başından və şah damarından xəsarət aldığını gördülər. Sonradan mənə məlum oldu ki, İsrayılı Emin adlı şəxs ilə aralarında yaranan mübahisə zamanı onun tərəfindən bıçaqlanıb. Emin dələduz insan olub, qardaşımın qumar və ya domino oynamasından xəbərim olmayıb.

Morqda mənə pul verilməyib. Həmin gün İsrayıl maşın almaq üçün bacımdan 2000 manat məbləğində pul alıb”. 

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Emin 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan Emin apellyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, ona əməlinin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyartsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilərək sanksiyada nəzərdə tutulmuş ən yüngül cəza təyin olunmasını xahiş edib. 

Təqsirləndirilən şəxsin şikayəti araşdırılması Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin olunmayıb.

Demokrat.az

15:30 - 16 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin