İraqlı “TikTok” ulduzu Om Fahad Bağdaddakı evinin qarşısında güllələnib.
Bu barədə İraq dövlət təhlükəsizlik xidmətlərinin nümayəndələri bildiriblər.
İraq musiqisi sədaları altında rəqs edərkən populyar videolar çəkən sosial media fenomeni avtomobilində naməlum şəxs tərəfindən öldürülüb. Hadisə onun yaşadığı yerin yaxınlığında baş verib.
Təhlükəsizlik rəsmisi bildirib ki, hücum edən şəxs özünü kuryer xidməti işçisi kimi göstərib.
Qətldən sonra ölkənin Daxili İşlər Nazirliyi qətlin araşdırılması üçün “xüsusi işçi qrupu yaratdığını” bildirib.
Qeyd edək ki, Fahad 2023-cü ilin fevralında “ictimai əxlaqa xələl gətirən ədəbsiz ifadələri ehtiva edən videoları” yaydığına görə altı ay həbs cəzasına məhkum edilmişdi.
Son illərdə İraqda çox sayda məşhur videobloqçular öldürülüb.
Fevral ayında Divaniyyə şəhərində “Simsim” təxəllüsü ilə bloqer, 2023-cü ildə isə daha bir “TikTok” ulduzu Nur Əlsəffar öldürülüb. Bundan əvvəl üç milyon “Instagram” izləyicisi olan model Tara Fares 2018-ci ildə Bağdadda güllələnib.//Oxu.az