Sahibkar işçisi tərəfindən bıçaqlandı - TƏFƏRRÜAT

 Sahibkar işçisi tərəfindən bıçaqlandı - TƏFƏRRÜAT

Bakının Suraxanı rayonunda 1968-ci il təvəllüdlü İlham fəhlə kimi işlədiyi fermanın sahibi Nəsimini bıçaqlayıb. 

Asayis.Az-ın məlumatına görə, hadisə 2 iyun 2023-cü ildə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində yerləşən “Toyuq ferması"nın ikinci sexində baş verib. 
İşmişli rayon sakini İlham orada olduğu zaman oraya gəlmiş fermanı işlədən Nəsimi ilə görüşəndən sonra, bir gün əvvəl sonuncu sexdə olan zaman onunla qısa mübahisədən sonra uzaqlaşıb. 
Bu vaxt Nəsimi sexdən çıxarkən ifadə etdiyi nalayiq söyüşün ona ünvanlamış olduğunu ehtimal edib və qisas almaq məqsədi ilə Nəsimiyə arxadan yaxınlaşıb, işlə əlaqədar üstündə saxladığı mətbəx bıçağı ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. 
Hadisəni törədən İlhamın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlham ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2022-ci ildən Hövsan qəsəbəsində Quşçuluq massivində yerləşən toyuq fermasında əmək müqviləsi olmadan fəhlə olaraq işləyir: “Mənim işim quşçuluq sexində dəm vermək, dəmləri boşaltmaq və s. kimi işlərdir. Zərərçəkmiş Nəsimi isə Quşçuluq sexində baytar həkimdir. Fermanı işlədənlərdən Nəsimi ünsiyyət tərzində lovğalıq və kobudluq olduğuna görə ondan xoşum gəlməyib. Çünki işdə hər xırda bir nöqsana görə danlamağı, deyinməyi xoşlayırdı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 1-də, gündüz vaxtı işiylə məşğul olduğu zaman Nəsimi çənə su vurmadığıma görə deyinməyə başlayıb: “Bir müddət fermada qalandan sonra getdi. Nəsimi deyinə-deyinə fermanın qapısından çıxanda nalayiq sözlər dedi. Həmin vaxt fermada məndən və Nəsimidən başqa heç kəs yox idi”. 

İlham deyib ki, iyunun 2-də, günün sonunda saat 17 radələrində fermada ikinci toyuq sexində tək işlədiyi zaman Nəsimi fermaya gəlib:”Nəsimi sexə girib salamlaşandan sonra həmişəki kimi ucadan danışmağa başlayanda Nəsiminin söyüşü yadıma düşdü. Mən özümdən asılı olmadan əsəbləşdim. Kisələrin kəndirini kəsmək üçün üzərimdə olan mətbəx bıçağını götürdüm, arxadan Nəsimiyə zərbə vurdum. Mənim məqsədi Nəsimiyə ciddi xəsarət yetirmək və onu öldürmək deyildi. Həmin vəziyyətdə Nəsimiyə üç-dörd zərbə vurmuşam. Nəsimi qaçıb fermadan çıxdı. Amma Nəsiminin ardınca getmədim. Sonra fermadan çıxaraq telefonla təcili yardıma və polisin “102” xidmətinə məlumat verdim, Nəsimini bıçaqla vurduğumu bildirdim. Axşam saatlarında Suraxanı Polis İdarəsinə könüllü gedib hadisəni danışdım. Əməlimdən çox peşmanam”.

İş üzrə zərərçəkmiş Nəsiminin sözlərinə görə, fərdi sahibkarlıqla məşğul olur və onun toyuq, cücə ferması var: “Təqsirləndirilən İlhamı təxminən bil ildir tanıyıram. İlham Qabil ilə birlikdə işlətdiyim toyuq fermasına təxminən bir il əvvəl işləmək üçün gəlib. İlham ailəsi ilə birlikdə fermada yaşayırdı. İlhamla aramızda həmişə normal münasibətlər olub. İyunun 2-də, təxminən saat 17.30-dan sonra fermanın ikinci sexində olduğum zaman İlham yanıma gəldi. İlhamla salamlaşandan sonra biraz söhbət etdik. Birdən-birə İlham mənə 3 bıçaq zərbəsi endirdi. Bundan sonra qaçdım və Qabilə zəng vuraraq məlumat verdim ki, İlham tərəfindən bıçaqla vurulmuşam. Qabildən tez gəlməsini və təcili yardıma məlumat verməsini xahiş etdim. Mən hələ də İlhamın məni niyə bıçaqladığını bilmirəm. Bıçaqlanma hadiəsinə kimi İlhamla aramızda hər hansı münaqişə, söz-söhbət olmayıb. Təqsirləndirilən şəxslə barışmışam, ona qarşı heç bir şikayətim yoxdur”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlham 3 il 7 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Demokrat.az

12:15 - 22 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin