Bakıda gənclər arasında qanlı dava - ŞOK TƏFƏRRÜAT

 Bakıda gənclər arasında qanlı dava - ŞOK TƏFƏRRÜAT

Bakının Xətai rayonunda 2001-ci il təvəllüdlü Vüqar 2005-ci il təvəllüdlü Riadı bıçaqlayıb. 

Asayis.Az-ın məlumatına görə, hadisə 2021-ci il sentyabrın 22-də saat 2 radələrində “Əhmədli” metrostansiyasının yaxınlığındakı “Natural” aptekinin qarşısında baş verib. Vüqar Riadın onu vurması ilə bağlı aralarında yaranan münasibətlərə bir daha aydınlıq gətirmək istəyib. 

Bu zaman Riadın onu yenidən yumruqla vurduqdan sonra üzərində gəzdirdiyi bıçaqla onun sol qoltuqaltı nahiyəsindən bir dəfə vurub.

Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmayan, üzdən Əhmədli qəsəbəsinin sakini kimi tanıdığı və adını sonradan bildiyi Riad ilə təxminən 2021-ci il sentyabr ayının əvvəlində “Əhmədli” metrostansiyasının çıxışında baxışıblar:

“Bir gün ötmüş “Dost Qapısı” adlı kafedə yemək yeyərək spirtli içki qəbul etdikdən sonra kafedən çıxmaqla kənd Əhmədlinin giriş hissəsinə tərəf getdim. Orada gördüyüm Riad məndən bir gün əvvəl nə üçün tərs-tərs baxış atdığını soruşdu. Riada heç bir səbəb olmadan sadəcə baxdığımı söyləsəm də, aramızda mübahisə başladı. Bu vaxt Riad məni yumruqla vurdu. Riadın yanında 5-6 nəfər tanışı olduğu üçün heç nə edə bilmədim. İçkili olduğumdan söyüş söydüm. Riadı tək tutaraq cəzalandıracağını bildirməklə yaşadığım evə yollandım. Riadın üzərində bıçaq gəzdirdiyini ehtimal edib marketdən aldığı kiçik ölçülü mətbəx bıçağını Riad ilə təkbətək gələn zaman özümü müdafiə etmək üçün üstümdə daşımağa başladım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 22-də saat 2 radələrində “Əhmədli” metrostansiyasının “Dost Qapısı” kafesi tərəfdəki çıxışında tək gördüyü Riadın əlini belinə tərəf apardığını müşahidə edib: “Üzərimdəki mətbəx bıçağını çıxarmaqla oğlanın bədəninin sol tərəfinə bir dəfə zərbə vurdum. Bu vaxt Riad qaçıb hadisə yerindən uzaqlaşdı. Mən isə həmin bıçağı kənd Əhmədlinin girişində yerləşən zibil qutularının birinə tullayaraq evimə tərəf istiqamət tutdum”. 

İş üzrə zərərçəkmiş Riadın sözlərinə görə, təxminən bir ildir tanıdığı Vüqarla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmasa da, sonuncunun bıçaqla adam vurduğuna görə məhkum edilməsindən xəbəri olub: “2021-ci il sentyabr ayının ortalarında ətrafımdakı şəxslərdən Vüqarın arxamca təhqiramiz sözlər dediyini öyrəndim. Məsələni aydınlaşdırmaq üçün Vüqar ilə görüşmək qərarına gəldim. Vüqarın günün əksər vaxtında olduğu “Dost Qapısı” kafesinə getdim. Vüqarı həyətə çağırdım. Söhbətlərimizi heç kimin görmədiyi yerdə etməyi təklif etdim. Birlikdə Əhmədli qəsəbəsinin içəri hissəsinə doğru qaranlıq küçələrdən birinə addımladıq. Vüqardan arxamca təhqir etməsini dəqiqləşdirərək sonuncunu yumruqla bir dəfə vurdum. Vüqar zərbənin təsirindən yerə yıxıldıqda, heç nə söyləmədən uzaqlaşdım”. 

Zərərçəkmiş bildirib ki, sentyabrın 22-də saat 2 radələrində dönər almaq üçün evdən çıxmaqla getdiyi “Əhmədli” metrostansiyasının yaxınlıqdakı üzərində “Avtoş” yazılan yerin qarşısında Vüqarı görüb: “Vüqar mənə söz atmağa başlasa da, fikir vermədim. Dönəri alıb yedikdən sonra oranı tərk etməyə hazırlaşarkən Vüqarın məni arxadan çağırdığını eşitdim. Vüqar yaxınlaşaraq şalvarının bel hissəsindən nəsə çıxartmaqla keçən səfər nəyə görə onu vurduğum ilə maraqlandı. Mən haqlı olduğumu dedim, bir dəfə Vüqarı yumruqla vurdum. Bu zaman Vüqar arxasında gizlətdiyi bıçaqla məni vurmaq istədikdə geri çəkildim, ona bir yumruq da vurdum. Bundan sonra Vüqar sol tərəf qoltuğumun altından bıçaq zərbəsi endirdi. Hadisə yerindən uzaqlaşmağa çalışarkən birazdan huşumu itirdim. Özümə gələndə isə artıq 3 saylı Şəhər Klinik Xəstəxanasında olduğumu gördüm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən Vüqar apellyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib. 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Vüqarım şikayəti təmin edilib. Onun cəzası 4 ilə endirilib. 

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. 

Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib. 

Qərara görə, prokurorun protesti təmin olunmayıb. 

Demokrat.az

15:00 - 9 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin