Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışarkən boğularaq həyatını itirən polis əməkdaşı Vüsal Quliyev dəfn edilib.
Asayis.az report-a istinadən xəbər verir ki, V.Quliyev doğulduğu Cəhri qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri general-mayor Süleyman Nemətov, digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, iyulun 21-də xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Vüsal Əbülfəz oğlu Quliyev suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib.
Daha sonra uşağın anası, 1984-cü il təvəllüdlü Səadət Elman qızı Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.