Naxçıvanda yas məclisində dava — Xəsarət alan var

 Naxçıvanda yas məclisində dava — Xəsarət alan var

Naxçıvan şəhərində yas məclisində halva üstündə dava düşüb, xəsarət alan var. 

Asayis.az
-ın əldə etdiyi məlumata görə, Babək rayon sakini, 1991-ci il təvəllüdlü Faiq (adlar şərti verilib – red.) atasının yas mərasimində xalası İradəni döyüb. 

Hadisəni törədən Faiqin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə təqsirli bilinən şəxs qismində ifadə verən Faiq bildirib ki, 6 iyul 2023-cü ildə atası Camalın yas mərasimində xalası İradə digər xalası Ləmanla mübahisə edib: 

“Həmin vaxt isə həyətdə qonaqlarla birlikdə oturmuşdum. Bu zaman səs-küyün daha da artdığını gördüm. Bu səbəbdən evə tərəf keçdim və xalalarım İradə və Ləmanın dava etdiklərini gördüm. Onların hər iksinin qolundan yapışdım və dartaraq çölə çıxardım. Bu zaman böyük xalam Ləman məndən yasda səs-küy saldığına görə üzr istədi. Lakin İradə xalam isə həyətdə ucadan səs-küy salaraq nalayiq sözlər işlətdi. Bir az sonra orada olan bir avtomobilə minərək getdi”.

Faiq izahatının sonunda xalasını döydüyü üçün peşman olduğunu deyib. 

O, xalası ilə barışdığını bildirib. 

İş üzrə izahat verən zərərçəkmiş İradənin sözlərinə görə, 33 ildir Rusiya Federasiyasında yaşayıb: 

“2022-ci ilin dekabr ayında anam rəhmətə getdiyindən yas mərasimində iştirak etmək üçün Naxçıvana gəldim. 2023-cü ilin yanvar ayında yenidən Rusiya Federasiyasına getdim. Bu ilin mart ayında yenidən anamın 40 mərasimində iştirak etmək üçün, həmçinin oğlumun anım mərasimində iştirak etmək üçün Naxçıvan şəhərinə yenidən gəldim. Burada qohum-əqrəbanın toy və yas mərasimlərində iştirak etmək üçün bu günə qədər qaldım”.

İradənin sözlərinə görə, iyulun 6-da, saat 15.30-da bacısının həyat yoldaşının yas mərasimində iştirak etmək üçün onlara gedib:

“Orada ilk öncə hər şeyin qaydasında olub. Lakin bir az sonra qohum-əqrəba yanımda halvanın yaxşı olmadığı mövzusunda danışmağa başladılar. Onlara “halvasını yaxşı hazırlayan bir şəxs var, mən halva hazırlamaq lazım olanda ona deyirəm, yaxşı halva hazırlayır” dedim. Bu zaman məndən böyük olan bacım Ləman adını çəkdiyim halva hazırlayan Lalə adlı qadının hər bir şeyini yüksək səslə nalayiq sözlərlə söyməyə başladı. Ona “başqa adamı niyə söyürsən, böyük qadınsan” deyə irad tutdum. Bu zaman bacım oğlu Faiq içəri girdi və camaatın yanında sol ayağımdan təpik zərbəsi vurdu. Əlini ataraq kürəyimdən dartdı. Boynumdan vurdu, mənə qarşı nalayiq sözlər işlətdi. Oğlumun gorunu söydü. Bu vaxt küçəyə çıxdım. Orada Faiq daş götürdü və mənə atarkən əyildi. Bu səbəbdən daş mənə dəymədi. Bu zaman hücum çəkib məni döymək istəyərkən orada olan başqa şəxslər buna imkan vermədi. Oradan birbaşa Naxçıvan şəhər Polis İdarəsinə şikayət etmək üçün gəldim”.

Zərərçəkmiş deyib ki, hazırda bacısıoğlu ondan üzr istəyib: 

“Buna görə də onu bağışlamışam. Ondan şikayətçi olmamışamş Onu 2 uşağına bağışlamışam”.

Naxçıvan şəhər Məhkəməsinin qərarı ilə Faiqin barəsində olan İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibatı işə xitam verilib. 

Buna səbəb Faiqin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması nəzərə alınıb. 
 

15:12 - 21 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin