Sumqayıt şəhərində 1976-cı il təvəllüdlü Vüqar ailə münaqişəsi zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Nuranəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində baş verib.
Vüqar yaşadığı evdə Nuranə ilə arasında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı onun sifət nahiyəsinə yumruq və sillə zərbələri vurub.
Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Nuranə ilə 2001-ci ildə evlənib və birgə nikahlarından 3 övladları doğulub: “Ər-arvad münasibətlərimiz adətən normal olub. Lakin arvadımın əsəbi xarakterli olması ilə əlaqədar mənə cavablar qaytardığından evdə aramızda bəzən mübahisələrimiz olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü 11 yaşlı oğlu Əlini “Aygün” mərasim evinin yanından evə yola salıb və evə çatanda zəng vurub soruşacağını deyib:
“Əlini yola salandan 10 dəqiqə sonra oğluma zəng vurdum. Oğlumun evə yox, anasının iş yerinə getdiyini bildim. Arvadım telefonu oğlumundan alaraq onu güddüyümü, onu rahat yaşamağa qoymadığımı bildirdi. Nuranəyə zəng vurmadığımı, uşağa görə narahat qalaraq zəng vurduğumu dedim. Nuranə isə mənimlə evdə danışacağını bildirdi. Saat 18 radələrində evə getdim. Bu zaman Nuranə evdə tək olub. Nuranə onu yersiz yerə qısqandığımı bildirərək, bütün bunlardan narahat olduğunu bildirdi, üstümə qışqırmağa başladı. Nuranədən sakit danışmasını tələb etdim. Lakin Nuranə sakit olmaq əvəzinə məni qadına yaraşmayan nalayiq söyüşlərlə təhqir etməyə başladı. Mən qonşulardan ayıb olduğunu dedim. Nuranədən bir daha səsini kəsməsini tələb etdim. Lakin Nuranə məni təhqir etməkdə davam etdiyindən əsəbləşdim. Əlim ilə Nuranənin sifət nahiyəsinə bir neçə zərbə vurdum. Sonra isə əlim ilə onun hər iki qolundan tutub sıxaraq ondan sakit olmasını tələb etdim. Lakin Nuranə sakitləşmək istəmədi. Nuranənin qollarından tutduğum vəziyyətdə taxtın üzərinə itələdim. Bundan sonra qonaq otağına keçdim”.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkmişlə barışdığını qeyd edib.
İş üzrə zərərçəkmiş Nuranənin sözlərinə görə, hadisədən 2 il əvvəl söz-söhbətlərinə və əri tərəfindən döyülməyinə görə uşaqları götürüb atasının evinə gedib:
“Daha sonra boşanma üçün məhkəməyə müraciət etdim. Lakin karantin vaxtına düşdüyünə görə məhkəmənin vaxtı uzadıldı. Bu ərəfələrdə Vüqar ehtiyatda olan zabit kimi 2-ci Qarabağ müharibəsində döyüşlərdə iştirak etdi. Döyüşdə olduğu müddət ərzində mənimlə əlaqə saxlayaraq peşman olduğunu, barışmaq istədiyini bildirdi. Valideynlərimin təkidi ilə Vüqarın döyüşdə olduğu müddətdə ərim ilə yaşadığım evə qayıtdım. Döyüşdən sonra ərim yenidən məni döyməyə və təhqir etməyə davam etdi”.
Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə, saat 18 radələrində yaşadıqları evdə əri tərəfindən yenə də döyülüb: “Döyülməyimin səbəbi isə yersiz qısqanclıq və Vüqarın hər gün içki içməyi olub”.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Vüqarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Demokrat.az