“Muğanlı-İsmayıllı istiqamətində xidməti yolda yaranmış məhdudiyyət aradan qaldırılıb”.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Qeyd edilib ki, ötən gün axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci kilometrliyində aparılan tikinti işləri ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmə qeydə alınıb:
“Dərhal sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə AAYDA-nın xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir neçə saatlıq hərəkət məhdudlaşdırılıb, sürücülər alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yoluna (Ağsu aşırımı) yönəldilib.
Gecəboyu aparılan işlər nəticəsində sözügedən ərazidə səhər saatlarında nəqliyyat vasitələrinin hərəkəti qismən bərpa olunub. Hazırda ərazidə sürüşmənin fəsadlarının tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, sürüşmə əsas yolda deyil, müvəqqəti salınmış xidməti yolda baş verib. Əsas yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması hazırda davam edir.
Bir daha yaranan müvəqqəti narahatlığa görə üzr istəyirik”.