Milli Məclisin deputatı Bəxtiyar Sadıqov parlamentin sonuncu plenar iclasında baş redaktoru olduğu “Azərbaycan” qəzeti ilə bağlı çıxışına görə tənqid olunur. B.Sadıqovun maliyyə ayrılmayacağı təqdirdə qəzetin fəaliyyətini dayandıracağını söyləməsi dövlətə təhdid kimi qiymətləndirilir. Deputat mediada, sosial şəbəkələrdə ciddi tənqid olunur. Bildirilir ki, dövlət orqanının qəzetinin rəhbəri bu səviyyədə çıxış etməməlidir, ona görə də istefası tələb olunur. Qeyd olunur ki, dövlət hər zaman bu qəzetə dəstək olub, şərait yaradıb, sadəcə, qəzet rəhbərliyi bu maliyyəni redaksiyanın inkişafı üçün xərcləməyib, indi də şantajla məşğuldur… Görünür, xidmət etdiyi Ramiz Mehdiyev getdikdən sonra tək qalıb. Yeri gəlmişkən, ötən il Şuşada bu barədə soruşduq, əzabkeş obrazında and içdi ki, R.Mehdiyevdən heç bir dəstək almayıb, hətta az qala mübarizə aparıb. Təəccüblənməmək mümkün deyil. İnandırıcıdırmı? Özünüz qiymət verin… Jurnalist Samir Feyruzov da B.Sadıqovla bağlı müzakirələrə səbəb olacaq məlumatlar yayıb. Onun fikirlərini təqdim edirik:
Bəxtiyar Sadıqovun yeznəsi Həsənbala Sadıqov 1993-cü ildə Əlikram Hümbətovun yaratdığı qondarma “Talış-Muğan” respublikasının təhsil naziri təyin edilmişdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra H.Sadıqov ölkədən qaçdı, amma bir neçə il ölkədən Ə.Hümbətovla dostluq əlaqələrini də davam etdirirdi. B.Sadıqov deputat seçiləndən və “Azərbaycan” qəzetinin baş redaktoru təyin olunandan sonra H.Sadıqov Azərbaycana qayıtdı, Gəncə Dövlət Universitetində birbaşa kafedra müdiri vəzifəsinə təyinat aldı, həyat yoldaşı Rəfiqə Sadıqova “Gəncənin səsi” qəzetinə baş redaktor təyin olundu, B.Sadıqovun bacısı oğlu Yalçın hərbi komissarlıqda yüksək vəzifələrə təyin olundu
Deputat elə başa düşür ki, “Azərbaycan” qəzeti onun dədə mülküdür. Yəni, hökumət pul versə, işlədəcək, pul verməsə, bağlayacaq. Bəs ideologiya, dövlətçilik, media təəssübkeşliyi?! B.Sadıqov qəzetə rəhbərlik etdiyi 22 il ərzində niyə “Azərbaycan” qəzetini tamamilə büdcədən asılı vəziyyətə saldı? 22 ildir “Azərbaycan” qəzetində hər gün 15-20 başsağlığı dərc olunur. Hər biri də 50 manatdan - bir aya 30 min manat!.. hansısa məmurun “qaynanasının əmisi qızının xalasının kürəkəni” öləndə 500 manatdan aşağı “başsağlığı” dərc etmir. “Yusif Məmmədəliyev” medalı, “Əməkdar jurnalist” adını alıb, “Şöhrət” ordeni alıb, 20 il deputat mandatı daşıyıb. Vaxtilə bütün deputatları “Azərbaycan”a aylıq pul ödəməyə məcbur etmişdi. Rəhbərlik etdiyin qəzetdə İlham Əliyevdən daha çox Ramiz Mehdiyev barədə yazıb. İ.Əliyev haqqındakı məqalələrə müxbirlərin imzasını, R.Mehdiyev haqqındakı məqalələrə isə öz imzasını yazıb.