Bu gün mətbuatda deputat İqbal Məmmədovun oğlunun atasının intim görüntüləri ilə şantaj edilməsi barədə xəbərlər yayılıb.
Asayis.Az Bakupost-a istinadən xəbər verir ki, məsələ ilə bağlı millət vəkili İqbal Məmmədovla əlaqə saxlayıb.
O, saytımıza açıqlamasında məsələyə aydınlıq gətirib.
Bildirib ki, oğlu qadın deyil, bir nəfər oğlan tərəfindən şantaj edilib. Eyni zamanda, məsələ ilə bağlı məhkəməyə müraciət etməyiblər:
“2020-ci ilin yanvar ayında Lerik rayonundan deputatlığa namizəd idim. Orada seçki kampaniyası aparırdım. Həmin vaxt oğlum yaxınlaşıb dedi ki, mənə 2 gündür zəng gəlir, deyirlər ki, atanın belə şəkilləri var, pul istəyirlər. Dedim ki, sən məni tanıyırsan, bizdə belə şeylər heç cür ola bilməz. O vaxt Zaur Qəriboğlu, Əvəz Zeynallı da mənim haqqımda yazırdı. Çünki o vaxt Lerik rayonundan 15 nəfər namizədliyini irəli sürmüşdü. Mən də düşündüm ki, yəqin bu cür hərəkətləri mənlə alternativ olan namizəd yoldaşlar edib. Ona görə də hüquq-mühafizə oqanlarına müraciət etdim. Belə bir şey olsaydı, heç kim müraciət etməzdi. Mən müraciət etdim ki, kimin etdiyini öyrənim, düşmənimi tanıyım. Həm də bu onlara dərs olsun ki, başqalarını şantaj etməsinlər".
Deputat deyib ki, hüquq-muhafizə orqanları 6 ay ərzində həmin şəxsi tapıb:
"Yazılan xəbərlərdə yeganə düz olan odur ki, 1768 manat pul ödənilib. Düzdür, onu da hüquq-mühafizə orqanları özləri komputerə-filan köçürüb. Həmin adamı tapa bilmirdilər. Daha sonra şəxsiyyəti müəyyən olundu. Yeri gəlmişkən, həmin şəxs xanım yox, bir oğlan idi”.
Millət vəkili vurğulayıb ki, şantaj edən şəxs onun qardaşının şirkətlərindən birində çalışıb. Lakin oğurluq etdiyi üçün işdən qovulub:
“Mən 2010-cu ilə qədər bizneslə məşğul olmuşam. Deputat seçildikdən sonra isə həmin şirkətləri ailəmə, qardaşıma dövr etmişəm. Həmin şəxsin də qardaşımın şirkətində işlədiyi ortaya çıxdı. O, oğurluq səbəbilə işdən qovulub. Həmçinin, əvvəllər reket saytların birində jurnalist işləyib. Onu tutdular. Ondan sonra gördüm ki, mənə düşmən olacaq biri deyil, maraqlı olmadım. Mənə o adamı tanımaq lazım idi. Oğlan Şüvəlandan idi. “Relax”da animator işləyirdi. Adını unutmuşam, “bigman” deyirdilər. O vaxtlar vergi ilə əlaqədar olduğunu düşünürdük. Həmin vaxt seçki ərəfəsi olduğu üçün çəkinirdik. O da qorxu gəlmək istəyib ki, 5-10 manat pul alsın”.
İ.Məmmədov sonda mətbuatın məsələyə yanaşmasından narazılıq edib:
“Söhbətin üstündən 3 il keçib. Bu yazıların indi ortaya çıxmasının hansı məqsəd daşıdığını başa düşmürəm. Elə başlıqlarla yazırlar ki?! Fikirləşmirlər evimizdə həyat yoldaşımız, qızımız var. Həmin yazıları ailəm, qızım oxuyur. Özümün də artıq 60 yaşım var. Axı biz Azərbaycanda yaşayırıq. Özü də həmin məsələni bəzəyiblər. Guya ki, şantaj edən xanım olub, biz Ali məhkəməyə şikayət etmişik. Biz heç kimi məhkəməyə verməmişik. Huqüq-mühafizə orqanlarına müraciət etdik, o da araşdırıb özü həmin şəxsi məhkəməyə verdi”.