Bağ evlərinin kirayə qiyməti 3 dəfə artıb - Aylıq 10 min manat…

 Bağ evlərinin kirayə qiyməti 3 dəfə artıb - Aylıq 10 min manat…

Yay mövsümü ilə əlaqədar bağ evlərinə tələbat kəskin artıb. Hazırda bağ evlərinin kirayə qiymətində artım müşahidə edilir.

Asayis.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, digər aylarla müqayisədə hazırda qiymətlər 2-3 dəfə artıb:

“Mövsümlə əlaqədar kirayə qiymətlərinin artımı daha çox bağ evlərində müşahidə olunur. Bu, xarakterik olan tendensiyadır. İllərdir ki, belə davam edir. Yay mövsümündə bağ sahələrinə tələbatın artımı bağ evlərinin bahalaşmasına gətirib çıxarır. Müşahidələr göstərir ki, hər il bu vaxtlar qiymət artımı qeydə alınır. Ümumilikdə il ərzində qış mövsümü ilə müqayisədə təqribən 2, 2.5, bəzi ərazilərdə isə 3 dəfəyə yaxın qiymət artımı olub. Hesab edirəm ki, bu, normal haldır. Çünki qışda bağ sahələrinə tələbat aşağı olur. Yayda isə tələbin artımı qiymətlərin artımına gətirib çıxarır”.

 
 
Ekspertin sözlərinə görə, tədris müddətinin bitməsindən sonra tələbələrin regionlara, öz evlərinə qayıtması səbəbilə kirayə mənzil qiymətlərində nisbətən ucuzlaşma müşahidə olunacaq:


“Kirayə mənzil qiymətlərində hələlik ciddi dəyişiklik müşahidə olunmur. Hazırda Bakıda kirayə qiymətləri stabildir. Hesab edirəm ki, bir müddət sonra kirayə mənzil bazarında nisbi də olsa təklifin artımı müşahidə oluna bilər. Çünki regionlardan gəlib Bakıda kirayə qalan tələbələr tədris müddətini başa vurduqdan sonra geri qayıdacaqlar. Bu isə müəyyən qədər təklifin artmasına gətirib çıxaracaq. Fikrimcə, təklifin artımı müəyyən mənada qiymətlərin nisbətən ucuzlaşmasına səbəb ola bilər”.

R.Osmanlı hazırda ən bahalı bağ evlərinin kirayə qiymətinin 5 min manatdan, ən ucuzunun isə 2500 manatdan başladığını qeyd edib:

“Bu gün bazarda 1 ayı 5 min manata kirayə verilən bağ evlərinin, bağ sahələrinin sayı kifayət qədər çoxdur. Hətta nə qədər təəccüblü olsa da, aylığı daha yüksək, hətta 10 min manata olan bağlara da rast gəlmək mümkündür. Bu bağ sahələri demək olar ki, bütün infrastrukturla təchiz olunub. Bu tip bağ evlərinin içərisində bir neçə üzgüçülük hovuzu, idman üçün xüsusi imkanlar, mini futbol meydançası, fitnes zalı olur. Hətta bəzi bağlarda ev kinoteatrları da quraşdırılıb. Yəni belə bağ sahələri var,amma kütləvi deyil.  Ümumilikdə aylıq ən ucuz bağ evlərinin qiyməti hazırda 700-800 manatdan başlayır və üzü yuxarıya doğru artımla dəyişir. Təqribən 2,3 ailənin eyni zamanda yaşaya biləcəyi bağ evlərinin qiyməti isə 2500-3000 manat təşkil edir”.

11:17 - 2 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin