“Oğlan narkoman olsa da, dədəsinin puluna görə qızını ona verir” - Sabiq deputat

 “Oğlan narkoman olsa da, dədəsinin puluna görə qızını ona verir” - Sabiq deputat

Son illər vəzifəli və imkanlı şəxslərin bir-biriləri ilə qohum olması sanki dəbə çevrilib. Hazırda hakimiyyətdə təmsil olan məmurlar arasında quda olan xeyli cütlük var.

Vəzifəli, pullu adamların oğlanlarını imkansız ailələrdən olan qızlarla evləndirməsi və yaxud zəngin ailələrdən olan qızların kasıb oğlanlara ərə getməsinəisə nadir hallarda rast gəlmək mümkündür.

Buna səbəb nədir? Məmurlar öz karyeralarını qarantiyaya almaq, sərvətlərinə sərvət qatmaq üçün bu cür izdivaclara meyl edir, yoxsa onların çevrələrində ancaq vəzifəli, dövlətli adamlar olduğu üçün övladları da bu cür seçim etmək məcburiyyətində qalır?

Mövzu ilə bağlı Yenisabah.az-ın suallarını cavablayan Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib ki, tarixən təbəqələşmə olub, amma müasir dövrdə təbəqələşmə bir qədər də artıb:

“Adətən, insanlar özünə yaxın olan adamlarla qohum olmaq istəyir. Mənə görə, xoşbəxtlik amili bunları birləşdirmir, bunları var-dövlətin həddən çox olması birləşdirir. Yəni bunların arasında uşaqların xoşbəxt olub-olmaması üstünlük təşkil etmir. Əsas məsələ odur ki, bunların istədiyi kimi olsun. Yəni bir növ özünə arxa-dayaq axtarırlar. Təəssüf ki, bu tarixən də belə olub, bu gün də belədir, gələcəkdə də belə olmayacağına zəmanət verilmir”.

“Çox təəssüf ki, hər şeyi var-dövlətlə ölçürlər. Lakin adamlıq, insanlıq, şərəf, namus, qeyrət və bu kimi ölçü vahidləri bir növ yaddan çıxıb. Hətta bu barədə danışan adamlara dəli kimi baxırlar ki, görəsən, bu, hansı küçədən gəlib? Onlar üçün insana lazım olan əsas dəyərlər maraqlı deyil. Onlara görə yeganə dəyər ya kiminsə qızı, ya da kiminsə yaxın qohumunun olmasıdır.

Bu gün ölkədə cahilliyin səviyyəsi o qədər də artıb ki, analar da öz qızlarına elə adam axtarır. Oğlanlar da qızın özünü yox, atasının var-dövlətini alırlar. Bu da çox keyfiyyətsiz və təhlükəli bir tendensiyadır. Yəni bunların nə qədər imkanı varsa, ailələr bir yerdə olur. Amma görürük ki, birini vəzifədən çıxaranda kimlərəsə xoş gəlmək üçün tələm-tələsik uşaqları boşandırırlar. Daha baxmırlar ki, bunların körpələri var.Azərbaycan reallığında belə şeylər çoxdur”, – deyə C. Nuriyev əlavə edib.

Müsahibimizin fikrincə, bu tip evliliklərdə sevgi faktoru yox, daha çox valideynlərin mövqeləri və onların var-dövləti rol oynayır:

“Belə cütlüklərin də 90%-i də xoşbəxt olmurlar. Tərəflər bir-birindən ancaq var-dövlətlə fərqlənmək istəyəndə belə ailələrin möhkəmliyi olmur. Üstəgəl, pul həddən çox olduğuna görə bunlar cəmiyyətdə seçilmək xəstəliyinə tutulur və natamamlıq kompleksi yaranır. Bunlar psixoloji olaraq bu məsələni özlərinə ağır dərd hesab edirlər. Ona görə də bunlarda ailələr davamlı olmur”.

Keçmiş millət vəkili qeyd edib ki, bu gün nə qədər vəzifəli şəxslərin uşaqları var ki, yarıdan çoxunun ailəsi dağılıb:

“Bu, birmənalı belədir. Burada vəzifədən getməklə yanaşı, daha çox da harınlıqdan dağılır. Təkrar edirəm, bu gün Azərbaycanda cahillik o qədər artıb ki, təhsilin səviyyəsi düşdükcə, ölkədə cahillik onunla tərs mütənasiblik təşkil edir. Cahil adamlar daha çox sərvət dalınca qaçırlar. Artıq cəmiyyətimizdə cahillik bir yaşam tərzinə çevrilib.

Belə adamlar üçün övladının xoşbəxt olub-olmaması önəmsizdir. Əsas vəzifədə olsunlar, pulları olsun. Bir növ, bunlarda ikinci, üçüncü, bəzi vaxtlarda isə dördüncü yerə keçir. Övladına qız, yaxud oğlan axtaranda əsas var-dövlətə və evinin sayına baxırlar. Narkoman və əyyaş olsa da, pulun olması əsasdır. Bu gün bizdə belə bir acı reallıq var”.
 

16:59 - 30 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin