Sumqayıtda küçədə qadınlar ər üstündə dava etdilər

 Sumqayıtda küçədə qadınlar ər üstündə dava etdilər

Sumqayıt şəhərində 1995-ci il təvəllüdlü Rəqsanə qonşusu Vüsaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində baş verib. 

Rəqsanə küçədə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qonşusu Vüsaləni qəsdən vuraraq ona bədən xəsarəti yetirib.

Hadisəni törədən Rəqsanənin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəqsanə ona elan olunan ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 5 ildir Sumqayıt şəhəri BTZ bağları ərazisində ailəsinə aid olan evdə əri və övladları ilə birlikdə yaşayır: “Vüsalə adlı qadın da həmin ərazidə mənimlə eyni küçədə qonşudur. Mənimlə Vüsalə arasında həyətlərindən keçən kanalizasiya xəttində yaranmış nasazlıqlar səbəbindən 1-2 dəfə mübahisəmiz olub. Ərazidə yerləşən evlərin kanalizasiya xətti bizim həyətdən keçir”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, son günlər Vüsalə əsassız yerə onunla mübahisələr yaradıb, onun ünvanına nalayiq ifadələr işlədib: “Həmçinin ailə üzvlərimə şər atıb. Hadisə günü, təxminən saat 16.30-da küçədə olarkən Vüsalə də öz qapısının qarşısında olub və mənim eşidəcəyim tərzdə nalayiq ifadələr işlətməyə başladı. Buna görə Vüsaləyə yaxınlaşdım, öz iradımı bildirdim. Lakin Vüsalə öz hərəkətlərinə davam etdi, ailə üzvlərimi, xüsusən də qızımı təhqir etdi. Bundan əsəbiləşərək Vüsalənin saçından tutdum. Aramızda mübahisə yarandı. Bu zaman Vüsalənin sol əlindən tutaraq burdum və aşağı əydim. Həmin vaxt səsə qonşumuiz Rəfiqə adlı qadın çıxdı. Bizi aralamağa çalışsa da, aralaya bilmədi. Digər qonşuları gedib köməyə çağırdı. Gələn qonşular bizi ayırdı”.

Cinayət işi üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə, təxminən 4-5 aydır Sumqayıt şəhəri, BTZ bağları ərazisində özünə aid olan evdə tək yaşayır: “Rəqsanə adlı qadın da həmin ərazidə mənimlə eyni küçədə yaşayır. Həmin yerdə yaşadığım müddətdə həyətimizdən keçən kanalizasiya xətti tutulduğuna görə, mənimlə Rəqsanə arasında bir neçə dəfə mübahisə yarandı. Kanalizasiya xətti yenidən tutulması səbəbindən küçəyə çıxdım və küçədə Rəqsanənin digər qonşumyz evimdən gedən kanalizasiya xəttini ləğv etdirəcəyini və yararsız vəziyyətə salacağını dedi. Mən də bunu eşitdim, onlara yaxınlaşdım. Aramızda söz mübahisəsi oldu. Mübahisə zamanı Rəqsanəyə həyətimə icazəsiz keçdiyini dedi. Ardınca da həyat yoldaşı Valehin 3-4 dəfə onun həyətinə hasardan keçdiyini dedim”. 

Zərərçəkmiş deyib ki, ertəsi gün, saat 16.30-da evdə olan zaman qapı döyülüb: “Mən küçəyə çıxdım. Qapını döyən Vüsalə idi. Rəqsanə mənə əvvəlki gün nə üçün onun həyat yoldaşı haqqında ifadələr işlətdiyimi dedi. Mən Rəqsanəyə Valehin məndən borc aldığını dedim. Buna görə aramızda münaqişə yarandı. Rəqsanə ərini qısqandığı üçün üzərimə hücum etdi, saçımdan tutdu, sonra sol əlinin 2-ci barmağımı burub arxaya tərəf sıxdı”. 

Zərərçəkmiş deyib ki, baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verib. O, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu deyib. 

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Rəqsanə aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.
 


Demokrat.az

16:39 - 30 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin