Kimliyiniz yeni nəsildirsə, ödənişdə problem yaşaya bilərsiniz

 Kimliyiniz yeni nəsildirsə, ödənişdə problem yaşaya bilərsiniz

Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və "Koroğlu" dayanacağındakı turniketlərdən keçərkən üztanıma ilə ödəniş sistemindən istifadə etmək üçün şərait yaradılıb.

Bu sistemdən istifadə etmək üçün qeydiyyatdan keçmək istəyən bəzi vətəndaşlar çətinliklə üzləşiblər.

Asayis.az xəbər verir ki, bununla bağlı Oxu.az-a müraciət ünvanlayan sakinlərin sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqəsi ilə sistemdə qeydiyyatdan keçmək mümkün deyil.

Onlar bildiriblər ki, "ADY Mobile" mobil tətbiqində "Üztanıma ilə keçin" bölməsinə daxil olaraq bu xidmətdən yararlanmaq istəyəndə qeydiyyat prosesində yeni nəsil vəsiqələrin seriya nömrəsinə uyğun bölmə yaradılmayıb:

Yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin nəzərinə: Ödənişdə problem yaşaya bilərsiniz

"Şəxsiyyət vəsiqəsiylə qeydiyyatdan keçmək istəyəndə orada ancaq AA və AZE olan seriya nömrəsini seçmək mümkündür. Yeni nəsil vəsiqələr isə AB seriyalıdır. Bu seriya isə siyahıya əlavə olunmayıb. Xidmətdən yararlanmaq üçün biz nə edək?"

Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən bildirilib ki, hazırda sözügedən məsələ ilə bağlı sistemdə iş aparılır:

"Yaxın günlərdə AB seriyası da siyahıya əlavə ediləcək, hazırda bununla bağlı sistemdə iş aparılır".

12:20 - 16 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin