Bakıda 3 böyük dairəvi yol tikiləcək

 Bakıda 3 böyük dairəvi yol tikiləcək

Bakıda nəqliyyat sıxlığının azaldılması üçün 2025-2030-cu illəri əhatə edən genişmiqyaslı layihələr həyata keçiriləcək.

Asayis.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Report İnformasiya Agentliyi və Xəzər Televiziyasına müsahibəsində deyib.

O bildirib ki, Dövlət Proqramı üç əsas istiqaməti əhatə edir: yol-nəqliyyat infrastrukturu, ictimai nəqliyyatın inkişafı və piyada əlçatanlığının artırılması.

Anar Rzayevin sözlərinə görə, proqram çərçivəsində 25 yol infrastrukturu layihəsi həyata keçiriləcək. Əsas layihələrdən biri Bilgəh-Novxanı-M4 dairəvi yoludur. Bu marşrut Bakı ilə Şamaxı istiqamətini alternativ yol vasitəsilə birləşdirəcək.

Digər iri layihə Böyükşor gölü istiqamətindən başlayaraq Binəqədi, Sulutəpə və Xocasən ərazilərini birləşdirən yeni dairəvi yol olacaq. Bundan əlavə, Ziya Bünyadov prospekti ilə Kənar Dairəvi yol arasında yeni bağlantının yaradılması nəzərdə tutulur.

AYNA sədri qeyd edib ki, əsas məqsəd tranzit nəqliyyatın şəhər mərkəzinə daxil olmasının qarşısını almaqdır.

“Hazırda çox sayda avtomobil sadəcə şəhərin bir hissəsindən digərinə keçmək üçün mərkəzdən istifadə edir. Yeni dairəvi yollar isə həmin axını mərkəzdən kənara yönəldəcək”, – o bildirib.

Müsahibədə “20 Yanvar” və Xırdalan dairəsi ətrafındakı sıxlıq probleminə də toxunulub. Bildirilib ki, Bakı-Sumqayıt yolunda əlavə zolaqların yaradılması və yeni tunellərin tikintisi planlaşdırılır.

Anar Rzayev əlavə edib ki, bütün yol qovşaqları əvvəlcədən “rəqəmsal əkiz” texnologiyası vasitəsilə simulyasiya olunur. Bu üsul layihələrin real şəraitdə necə işləyəcəyini öncədən yoxlamağa imkan verir.

Dövlət proqramının ikinci əsas istiqaməti isə ictimai nəqliyyatın inkişafıdır. Proqram çərçivəsində 10 yeni metro stansiyasının tikilməsi, şəhərətrafı dəmir yolu xətlərinin bərpası və avtobus parkının genişləndirilməsi nəzərdə tutulur.

AYNA sədri bildirib ki, “Bənövşəyi” metro xəttinin uzadılması, həmçinin Xocasən–Avtovağzal istiqamətinin genişləndirilməsi Xırdalan və Masazırdan gələn sərnişin axınının azalmasına kömək edəcək.

Qeyd olunub ki, 2026-cı ildə B4 metro stansiyasının açılması planlaşdırılır.

Proqramın üçüncü istiqaməti isə piyada əlçatanlığıdır. Bu çərçivədə İslam Səfərli küçəsinin piyadalaşdırılması, “28 May” metrosu ətrafında görülən işlər və Xaqani bağında yaradılan yeni piyada zonaları nümunə göstərilib. Hazırda “Gənclik” metrosu ətrafında da oxşar layihələr icra olunur.

21:36 - 14 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin