ABŞ Ərdoğanı niyə devirmək istəyir? - Hərbi çeviriliş, “məxməri” inqilab...

 ABŞ Ərdoğanı niyə devirmək istəyir? - Hərbi çeviriliş, “məxməri” inqilab...

“Türkiyədə ABŞ-la bağlı məsələnin gündəmə gətirilməsində 2 faktor rol oynayır. Birincisi, 2016-cı ildə FETÖ terror qruplaşması tərəfindən nəzərdə tutulan və ABŞ tərəfindən müəyyən dəstək görən dövlət çevrilişi təşəbbüsü idi ki, bunun da qarşısını Türkiyə dövləti aldı. Bunun nəticəsində də çevriliş baş tutmadı, amma çevrilişdə iştirak edən şəxslərin sonradan ABŞ-ın müəyyən dairələri tərəfindən himayə edildiyi göründü. Hətta terrorda suçlanan Fetullah Gülenin də Birləşmiş Ştatlar tərəfindən qorunduğu və Türkiyəyə təhvil verilmədiyi ortaya çıxdı. Bu faktlara dayanaraq, o zamandan ABŞ ilə Türkiyə arasındakı münasibətlərdə gərginlik daha pik həddə çatdı”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.

Millət vəkili Türkiyədə keçirilən seçkilərdə ABŞ-ın müdaxiləsi barəsində səslənən fikirlərə münasibət bildirib.

BQP sədrinin fikrincə, bu fakta istinad edərək ABŞ-ın Türkiyədə hərbi çevriliş yolu, indi isə seçki və başqa vasitələrlə indiki hakimiyyəti devirmək planının olduğu iddia edilir.

Onun sözlərinə görə, bunu da tez-tez həm daxili işlər naziri Süleyman Soylu, digər rəsmi şəxslər, hətta Ərdoğanın özü belə zaman-zaman dilə gətirib:

“İkinci məsələ isə budur ki, vaxtilə Co Bayden Barak Obama administrasiyasında vitse-prezident olanda onun bir açıqlaması var idi. Sosial şəbəkə hesabında yazdığı mətndə Ərdoğanın devrilməsi istəyi ifadə olunmuşdu. İndi də Bayden prezidentdir və bu istək artıq danılmaz bir şeydir. Doğrudur, o, bunu dilə gətirməsə də, bu faktın özü Türkiyədə həmişə Baydenin Ərdoğan iqtidarına baxışının o qədər də xoş olmaması barədə təsəvvürlər formalaşdırıb.

Əsas bu 2 amilə görə belə bir addım atılıb. Digər tərəfdən, Türkiyənin müəyyən hərbi vasitələr alması ilə bağlı ABŞ-ın yaratdığı əngəllər, eyni zamanda Suriya və başqa yerlərdə ABŞ-ın Türkiyəyə qarşı YPG/PKK-nı dəstəkləməsi ilə bağlı kifayət qədər faktlar onu göstərir ki, bu gərginlik ən yüksək səviyyədədir. Bu baxımdan da Türkiyə siyasi elitası tərəfindən belə bir açıqlamalar verilir və müxalifətin bir tərəfinin də həmin istiqamətdən dəstəkləndiyi iddia olunur”.

Deputata görə, bu məsələlər təməlsiz və səbəbsiz deyil:

“Türkiyədə bu gün indiki hakimiyyətin xeyrinə o işləyir ki, Türkiyə cəmiyyəti xaricdən gələn hər hansı bir müdaxiləyə qarşı olduqca sərt müqavimət göstərən bir cəmiyyətdir. Yəni bu ölkədə Tunis, Misir və digər ərəb ölkələrindəki kimi “məxməri inqilab” adı ilə nəyisə gerçəkləşdirmək çox da sadə bir məsələ deyil. Çünki cəmiyyətin fərqli bir alt strukturunda elə bir camaatlaşma sistemi yatır ki, bu dövləti yıpratmaq mümkün olmur. Ona görə ki, dövləti müdafiə edən aktiv bir passionar bir güc – vətəndaş gücü var.

Bu baxımdan, ötən əsrin 60-70 və 80-ci illərində baş verən hərbi çevrilişləri indi Türkiyədə etmək çox mürəkkəb bir məsələdir və mümkünsüz görünür. Bu da, əslində, Türkiyənin daxili gücünün kifayət qədər sarsızlmaz olduğunu göstərən əsas amillərdən biridir”.

13:45 - 16 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin