Məhkəmə qohumunu qayçı ilə öldürərək quyuya atan şəxslərlə bağlı qərar verdi

 Məhkəmə qohumunu qayçı ilə öldürərək quyuya atan şəxslərlə bağlı qərar verdi

Ali Məhkəmədə qətl törətməkdə ittiham edilən Səbuhi Ələkbərov və Rəşad Fətullayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

 

Asayis.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxslər şikayətlərini geri götürüblər.

 

Bu səbəbdən hər iki şəxs tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, onlar 17 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Qeyd: Biləcəri qəsəbə sakini Çiçək Əsgərova polisə müraciət edərək həyat yoldaşı Elvin Həbibzadənin özünə məxsus “BMW” markalı avtomobillə evdən çıxıb getdiyini və geri qayıtmadığını bildirib.

 

Araşdırmalar zamanı E.Həbibzadəyə məxsus avtomobil Qaradağ rayonunun Qızıldaş qəsəbəsində tapılıb və nəqliyyat vasitəsinə baxış keçirilərkən salonda qan izləri aşkar edilib.

 

10 gün sonra isə E.Həbibzadənin üzərində zorakılıq əlamətləri olan meyit Türkan qəsəbəsindəki evlərdən birinin su quyusundan tapılıb.

 

Müəyyən edilib ki, S.Ələkbərov yaxın qohumu R.Fətullayevlə qabaqcadan cinayət əlaqəsinə girərək ailə-məişət zəminində yaranmış mübahisəni həll etmək məqsədilə E.Həbibzadənin idarə etdiyi “BMW” markalı avtomaşınla oktyabrın 15-də axşam görüş bəhanəsi ilə Qaradağ rayonunun Sahil qəsəbəsinə gəliblər. Avtomaşında tərəflər arasında kəskin mübahisə yaranıb, E.Həbibzadə S.Ələkbərovun və ailəsinin ünvanına nalayiq ifadələr işlədərək avtomaşındakı bıçaqla onun sol əlinə xəsarət yetirib. Bu zaman S.Ələkbərov müqavimət göstərən sürücünün qollarını tutub və R.Fətullayev qayçı ilə arxadan boyun nahiyəsinə zərbə endirərək E.Həbibzadəni qətlə yetirib. Daha sonra hər iki şəxs izi itirmək məqsədilə meyiti həmin avtomobillə Xəzər rayonuna gətirərək burada S.Ələkbərovun babasına məxsus evin qarşısındakı quyuya atıblar. Bundan sonra S.Ələkbərov mərhumun ailə üzvləri ilə birlikdə onu axtarmağa başlayıb.

 

Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

14:00 - 4 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin