"Qarabağdakı separatçı birləşmələrin geniş mənada hansısa bir nəticəyə malik olması mümkün deyil. Çünki silah və texnika parkı, hərbi imkanları Azərbaycan Ordusundan üstün mövqe nümayiş etdirməyə imkan vermir".
Asayis.Az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-keçid məntəqəsi qurmasından sonra Qarabağ separatçılarının "hərbi hazırlıq" görüntülərinin yayılmasına münasibət bildirərkən deyib.
Hərbi ekspert əlavə edib ki, ermənilərin sərhəd-buraxılış məntəqəsi qurulana qədər silahlanıb:
"Bu da kifayət edir ki, onlar müxtəlif bazalarda təxribat həyata keçirsinlər. Əgər silahlanma varsa, o silahdan istifadə qaydaları öyrənilirsə, təbii ki, gözləntilər var.
Hesab edirəm ki, Qarabağda ermənilər yenə təxribatlar törədə bilərlər. Bu da onların müxtəlif xarici qüvvələrə bağlı olmasından irəli gəlir. Yəni, onlar Azərbaycana qarşı hansı təzyiqlər vasitə kimi rol ala bilərlər. Amma, bu təxribatlar Azərbaycan Ordusuna qarşı genişmiqyaslı hərbi əməliyyatlar formasında reallaşa bilməz. Bunun qarşısı isə mütləq alınacaq. Bu təxribatlar Azərbaycanın daha effektiv şəkildə anti-terror əməliyyatları keçirməsinə zəmin yaradacaq".