“Həsən Məmmədov hamını pavilyondan çıxartdırdı, sonra əllərini çiynimə qoydu...” - FOTO

 “Həsən Məmmədov hamını pavilyondan çıxartdırdı, sonra əllərini çiynimə qoydu...” - FOTO

“Gün keçdi”, “Dədə Qorqud”, “Arşın mal alan” və s. filmlərindən sonra ucuz işlərdə görünə bilmərəm. Daha sonralar da məni filmlərə dəvət etdilər. Ssenarini götürüb oxuyanda ağlamağım gəlirdi. Heç kim məndən inciməsin. Bu sahədə peşəkarlar çalışmalıdırlar. Yerindən duran, əlinə kamera alan film çəkib, əlinə qələm alan ssenari yazmamalıdır. Heç bir filmdə çəkilmək istəmədim. Hər şeyə “stop” dedim. Mövzular da çox bəsitdir. İnsan o filmləri izləyəndə darıxır. Məişət mövzularından başqa filmlər çəkilmir. Kimsə kimdənsə boşanır, kimsə göz yaşı tökür, kimsə dalaşır. Əlbəttə ki, filmlərdə bunlar da lazımdır, amma daha vacib mövzular ön planda olmalıdır. Bir dəfə hava limanında Rasim Balayevlə qarşılaşdım. Mənə dedi ki, “gəl, gedib pul tapaq, filmlərdə çəkilək, simamız da dəyişir, vaxt da azalır, ölüb gedəcəyik (gülür). Mən də belə düşünürəm”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Azərbaycan kinosunun ən gözəl qadınlarından biri Leyla Şıxlinskaya deyib.

Xalq artisti sənət dostu, “Gün keçdi” filmində onunla birlikdə rol alan Həsən Məmmədovu da xatırlayıb.

“Həsən Məmmədov heç kimə bənzəmirdi. Mən buna əminəm ki, onun kimi aktyor Azərbaycan kinosuna gəlməyəcək. Filmdə yaxınlaşıb mənim əllərimdən tutmalı idi. Həsən əllərini çiynimə elə qoydu ki, elə bil kəpənəyə toxunur. Mən də deyirəm ki, “Həsən, əllərini qoydun, ya yox?” Rejissor qışqırdı ki, “Həsən, əllərini Leylanın çiyninə qoy”. Həsən şərt kəsdi ki, kadr arxasında çalışan bütün şəxslər pavilyondan çıxsınlar. Hamı pavilyondan çıxdı. Təkcə mən, rejissor Arif Babayev və operator Rasim İsmayılov qaldıq. Çox utancaq biri idi. Həm də qızıl xasiyyəti var idi. Onunla birlikdə 3-4 filmdə çəkildik”, - deyə aktrisa bildirib.

Xalq artisti əlavə edib ki, ölkə başçısı hər zaman mədəniyyət sahəsinə xüsusi diqqət ayırıb.

“Bu gün ölkə başçısı tərəfindən mədəniyyətimizə çox böyük diqqət və qayğı göstərilir. Hər şey göz önündədir. Lakin bəzi şeylər bir o qədər də insanları tanımadan, şəxsiyyətinə bələd olmadan güvənmək məsələsidir. Kinomuzla, mədəniyyətimizlə bağlı. Bundan əvvəl mədəniyyət naziri təyin etdilər. O, bu güvəni doğrultmadı. Sadəcə bax, bu məsələlərə üzülürəm. Bir balaca xahiş etmək istərdim, sadəcə xahiş. Bu sahə hər adama etibar edilməsin. Çünki sonradan güvən doğrulmur və yenə də itirən mədəniyyətimiz, kinomuz, musiqimiz, teatrımız olur. Düzdür, bütün bunlara ölkə başçısı nəzarət edir. Bizə sadəcə dua etmək qalır ki, kimsə səni görsün, kəşf etsin və bu cür böyük bir posta layiq görsün. Mən deməzdim ki, nəzarət generala, yaxud hər hansısa güclü bir siyasətçiyə tapşırılmalıdır ki, bunların öhdəsindən gəlsin. Hər kəs sadəcə bir az işində məsuliyyətli olmalıdır”, - deyə sənətkar fikrini yekunlaşdırıb.

14:29 - 2 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin