“Qız evi nə vaxtdan bəri xərc çəkən olub? Adətlərimizi ucuzlaşdırmayın” - Nazilə Səfərli

 “Qız evi nə vaxtdan bəri xərc çəkən olub? Adətlərimizi ucuzlaşdırmayın” - Nazilə Səfərli

Elimizin toy kimi bir adəti var. Lakin zaman keçdikcə hər adət-ənənə kimi toy adətlərinin də çoxundan ya imtina edilib, ya unudulub, ya da daha müasirləşdirilib. Əvvəllər oğlan evi qız evinə bir dəfə qırmızı lentlə bağlanmış dəmir məcməyidə iki-üç xonça gətirər, toy olana qədər o xonçalar açılmazdı, elə toy günü də gəlin həmin xonçalarla oğlan evinə gətirilərdi. Ailə dəyərləri gümüş şamdan, yaxud paltar rəfi boyda hazırlanmış dəbdəbəli xonça, brend markalarla bəzədilmiş gəlin otağı ilə ölçülməzdi. İndi isə nəinki xonça, oğlan evi ilə qız evi arasında cehiz üstündə də söz-söhbət, gərginlik yaşanır, bu gərginlik bəzən üzüyü qaytarmağa qədər gəlib çıxır. Jurnalist Aytən Səfərova da bəzi toy adətlərimizi tənqid edərək məsələni yenidən gündəmə gətirib. Jurnalist toyqabağı daha çox qız evinin xərcə düşdüyünü, əziyyət çəkdiyini bildirib. A.Səfərovanın bu yanaşması bir çoxları tərəfindən dəstəklənsə də, narazılıq edənlər də olub.

Asayis.Az mövzu ilə bağlı tanınmış şairə Nazilə Səfərlinin də fikirlərini öyrənməyə çalışıb.

N.Səfərli açıqlamasında deyib ki, adətləri ucuzlaşdırmaq olmaz:

“Bunu deyənlərin evinə yəqin gəlin gəlməyib. Qız evi nə vaxtdan bəri xərc çəkən olub? Oğlan evi neçə otaqlı mənzil alıbsa, qız evi oranı doldurub də. Bir otağın mebeli bahadır, ya otağın özü? Bunu qoyaq bir kənara... Nə qız evi, nə də oğlan evi övladlarını evləndirəndə bu haqda düşünmürlər. Bunu ancaq heç vaxt xoşbəxt olmağı qəbul etməyən insanlar düşünə bilərlər. Allah hamının balasını xoşbəxt eləsin. Mənim balam evlənirsə, onun evini yerləşdirməyi valideyn olaraq özümə borc bilirəm. Bu, borcum deyil ha, arzumdur, əhdimdir. İnsan bunu arzu etməlidir, məsuliyyət kimi kürəyində daşımalı deyil. Hə, “oğlan evi brilliant alıb”. Brilliant “iqruşka” deyil, ev qiymətindədir. Belə şeyləri danışmaq çox ucuzluqdur, ayıbdır. Allah balaları xoşbəxt eləsin. Təki qızlar gedib yarısın-qarısın. “Qız evi ağır xərc çəkir, oğlan evi yüngül, ya qaynana belə edir...” Qaynana bir otaq verirsə, gəlin elə o bir otağa cehiz gətirir. Qaynana bir ev verirsə, gəlin də bir evə cehiz doldurur. Doldurmasa, qaynana gəlinə nə edir ki? Döyür-öldürür? Ayıbdır, adətlərimizi ucuzlaşdırmayın. Allah hamının balasını bəxtəvər eləsin”.

 

Pravda.az 

13:46 - 28 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin