İsrailin hüquq-mühafizə orqanları silah və qızıl qaçaqmalçılığına görə İordaniya parlamentinin deputatını saxlayıb.
Bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazirliyin aidiyyəti orqanları İsrail hakimiyyəti tərəfindən silah və qızıl qaçaqmalçılığına görə həbs edilən millət vəkili İmad əl-Advanın işini izləyir.
İsrail mətbuatının məlumatına görə, Əl-Advan İordan çayının qərb sahili ilə İordaniya arasında İsrailin nəzarətində olan Allenbi keçid məntəqəsindəki Kral Hüseyn körpüsündə saxlanılıb. Onun avtomobilində qanunsuz silah və qızıl tapılıb.
İsrail artıq İordaniya ərazisindən 10 tapança, təxminən 9 min 5,56 mm çaplı patron və avtomatik odlu silah hissələrinin qaçaqmalçılığının qarşısının alınması barədə məlumat yayıb.
Pravda.az