“İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı Nikol Paşinyanın üzr istəməsini tələb etmək çox səfeh yanaşmadır”.
Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
Analitik İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında erməni dizayner Aram Nikolyan tərəfindən Azərbaycan bayrağının yandırılmasından sonra Ermənistan Baş naziri Nikol Paşinyanın məlum hadisə ilə bağlı Azərbaycandan üzr istəməsi tələblərinə münasibət bildirib.
Z.Əlizadə aydınlaşdırıb ki, Ermənistanın Ağır Atletika Federasiyası bu məsələyə münasibətini bildirib:
“Eləcə də beynəlxalq təşkilatlar, hətta parlamentin komitə sədri üzrünü istəyib. Bundan sonra prezident də, Baş nazir də üzr istəməlidir? Daha keçib, mərzlərin qubernatorları da üzr istəsin. Bununla Azərbaycanın şəni qalxır?
Məlum məsələdir ki, bu işləri təşkil edən Rusiyadır. Rusiya çalışır ki, Azərbaycan-Ermənistan münasibətlərini gərgin saxlasın, eləcə də Qərbin vasitəçiliyi ilə bu iki ölkə arasında sülh müqaviləsi imzalanmasın, münaqişə davam etsin, “sülhməramlıları” Qarabağda qalsın. Bunlar bəllidir və bunu anlamamaq üçün gərək siyasətdən bixəbər olasan”.
“Bütün bunları edən Rusiyadırsa, başa düşmürəm, Paşinyan niyə üzr istəməlidir? Paşinyanmı yandırıb, omu bunu edib? İndi Azərbaycanda hansısa bir əbləh axmaq iş görəndə İlham Əliyev onun yerinə üzr istəməlidir?
Aram Nikolyan axmağın biridir və bəlli məsələdir ki, o, təxribat üçün bir alətdir. Bunun Paşinyana nə dəxli var? Üzr istəmək nağılını qurtaraq da... Ermənilər tələb edir ki, Sumqayıta və Marağaya görə azərbaycanlılar bizdən üzr istəsin, azərbaycanlılar tələb edir ki, Xocalı, Quqark və Masisə görə ermənilər bizdən üzr istəsin. Bu üzr istəməklə heç nə dəyişmir. Bir az ağlımızı başımıza yığıb barışmaq lazımdır”, – əlavə edib.
Ekspert söyləyib ki, təxribatın arxasında dayanan Rusiya xüsusi xidmət orqanlarıdır:
“Onların istər Azərbaycanda, istərsə də Ermənistanda - istənilən postsovet respublikalarında külli miqdarda agentləri var və onların əli ilə istənilən təxribatı törədə bilirlər.
Bundan ən çox zərər çəkən isə erməni və Azərbaycan xalqlarıdır. Ona görə də mümkün qədər tez barışıb münaqişəyə son qoymaq, əməkdaşlığa başlamaq, bir-birimizi qırmamaq və dinc yaşamaq lazımdır. Amma belə təxribatlar, eləcə də Tex tərəfdə 7 nəfərin həlak olması heç kimə lazım deyil. Bu, yalnız və yalnız Rusiya və Fransaya, habelə münaqişənin davam etməsində marağı olan digər ölkələrə və müharibədən qazanan adamların marağına xidmət edir. Sıravi ermənilərlə azərbaycanlılara isə bu lazım deyil”.