Küçədə yatan meyxanaçının aqibəti necə olacaq? - “Mənim adımı hallandırır...”

 Küçədə yatan meyxanaçının aqibəti necə olacaq? - “Mənim adımı hallandırır...”

Məşhur “Lotular” mahnısının ifaçısı Elşən Binəqədinin küçədə yaşaması ilə bağlı görüntülər yayılıb.

Məlum olub ki, 17 il həbsdə olan meyxanaçı artıq üç ildir ki, küçədə qalır. Elşən Binəqədinin sözlərinə görə, içki düşkünü olandan sonra həyatı dəyişməyə başlayıb. İndi isə plastik qablar, dəmir yığıb satmaqla çörəkpulu qazanır.

Hansı ki, Azərbaycanda meyxanaçılar heç də kasıb təbəqə sayılmır. Meyxana ustaları tez-tez dəbdəbəli evləri, bahalı maşınları ilə gündəmə gəlirlər. Gənc meyxanaçı Balaəlinin 200 minlik “Range Rover”i ilə bağlı müzakirələr uzun müddət gündəmdən düşmədi.

Bəs meyxanaçılar öz sənət dostlarına dəstək olmağa hazırdılarmı?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış meyxanaçı Namiq Məna görüntüləri izləyib narahat olduğunu bildirib:

“Həmin meyxanaçının görüntülərini mən də izlədim. Sözün açığı, narahat oldum. Həmin meyxanaçı müsahibəsində mənim, Bayramın, Ağasəlim Çıldağın adını hallandırır ki, bizimlə el şənliklərində, məclislərdə iştirak edib. Ola bilər, mən xatırlamıram, bəlkə də hansısa məclisdə görüşmüşük, sadəcə tam xatırlaya bilmirəm, yalan danışmayıb. Dediyi şeirlərdən görünür ki, istedadı var. Allah onun yardımçısı olsun”.

O, qeyd edib ki, əgər həmkarları da birləşsə, Elşən Binəqədiyə yardım etmək istəyir:

“Əgər sənət yoldaşlarım yığışıb Elşən Binəqədiyə kömək etsə, mən də onlara qoşularam. İndi Ramazan ayıdır, bu həm də savabdır.  Mən də həmkar kimi buna hazıram.

Hiss olunur ki, həyatın təzadları onu o vəziyyətə salıb. Özü də deyir ki, ancaq spirtli içki qəbul etmişəm, siqaret çəkmişəm. O, hər hansı psixotrop maddə qəbul edənə qətiyyən oxşamır. Əhval-ruhiyyəsindən, nitqindən belə adama bənzəmir. Allah köməyi olsun. Yenə deyirəm, sənət yoldaşlarımız kömək etmək istəyərsə, mən də kömək etməyə hazıram”.

16:49 - 14 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin