"Rusiya və İran Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına əngəl olur" - Türkiyəli general

Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyatda olan general-mayor Kürşat Atılgan ötən gün Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribatlara münasibət bildirib.

Asayis.Az xəbər verir ki, Kürşat Atılgan Demokrat.az-a açıqlamasında deyib ki, ilk növbədə toqquşmaların nə üçün Laçında baş verdiyini araşdırmaq lazımdır:

"Laçının bu qədər əhəmiyyəti nədir? Bu suallara cavab vermək, dünənki toqquşmaların səbəbini izah etməyi asanlaşdırır. Laçın strateji əhəmiyyətli bir yerdir. Ayıca Laçında zəngin mineral ehtiyatların olduğu da məlumdur. Hazırda bu bölgədə Rusiya sülhməramlıları yerləşib. Məlum olduğu kimi, Rusiya Qarabağ işğaldan azad olunduqdan sonra passiv neytrallıq siyasəti həyata keçirib. Burada ən mühüm səbəb Ermənistanın qərbyönümlü siyasətini korrektə etmək və Ermənistanın nəzarətindən çıxmasının qarşısını almaq idi. Əslində, Ermənistan silahlı qüvvələrinin məğlubiyyətindən sonra Azərbaycan Ordusu erməni təxribatçılarının bütün məkrli planlarının qarşısını aldı". 

Türkiyəli general qeyd edib ki, Rusiyanın bu bölgədəki sülhməramlı qüvvələrinin müddəti 2025-ci ildə başa çatacaq: 

"Kreml yaxşı anlayır ki, Azərbaycan ilə Ermənistan arasında Sülh Sazişi imzalanarsa, Rusiyanın Cənubi Qafqazda mövqeyi zəifləyəcək. Bu səbəbdən də dünənki təxribatlar Sülh Sazişinin imzalanmasına mane olur və münaqişənin uzanmasına gətirib çıxarır. Bu isə Rusiyanın Cənubi Qafqazda varlığının uzanmasına xidmət edir və Rusiyanın bu regionda mövcudluğunu təmin edir. Bu baxımdan da Rusiya istəmir ki, Azərbaycan ilə Ermənistan arasında sülh əldə olunsun. Əksinə, Rusiya münaqişəni daha da qızışdırır. 

Azərbaycan ilə ermənistan arasında münaqişəni qızışdıran digər dövlət isə İrandır. Yaxşı bilirik ki, İran uzun illərdən bəri Ermənistanı açıq şəkildə dəstəkləyir. Çünki İran Güney Azərbaycanın azad edilməsini özünə ən böyük təhlükə görür. Ona görə İran da Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmasına əngəl yaratmağa çalışır. Hesab edirəm ki, dünənki toqquşmalarda da İran hərbi qüvvələrinin Ermənistana yardım etməsi mümkündür". 

Kürşat Atılgan bildirib ki, Azərbaycan və Ermənistan üçüncü ölkələrin vasitəçiliyindən tamamilə imtina edib, öz aralarında razılığa gəlməlidirlər:

"Əks halda bu münaqişə daha çox uzanacaq, daha çox insanlar həlak olacaq və hərbi toqquşmalar kənar dövlətlərin əlində təsir alətinə çevriləcək. 

Azərbaycan və Ermənistan öz maraqları, xalqlarının rifahı naminə tezliklə sülhü bərqərar etməlidirlər və iki ölkə arasında dostluq münasibətlərini başlatmalıdırlar. Əgər iki ölkə arasında sülh tam təmin olunarsa, o zaman Rusiya sülhməramlılarına da ehtiyac qalmayacaq, rus hərbiçiləri də məcbur olub ölkəsinə qayıdacaq. Sülh əldə olunsa, İran da təxribatlarla nəyəsə nail ola bilməz. Buna görə də əsas diqqəti sülhə yönəltmək və sülhün gətirəcəyi imkanları ermənilərə göstərmək lazımdır".

 

13:33 - 12 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin