“Sevindirici haldır ki, Azərpaşa ilə vidanın teatrda keçirilməsinə icazə veriblər...” - Şeyx Əbdül

 “Sevindirici haldır ki, Azərpaşa ilə vidanın teatrda keçirilməsinə icazə veriblər...” - Şeyx Əbdül

76 yaşında dünyasını dəyişən Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru, Xalq artisti Azərpaşa Nemətovla vida mərasiminin Akademik Milli Dram Teatrında keçirilməsi müzakirə yaradıb. Mədəniyyət Nazirliyinin bu addımı Akademik Milli Dram Teatrının səhnə ustası, mərhum Xalq artisti Ramiz Novruzun vida mərasimi ilə bağlı qalmaqalı yenidən gündəmə gətirib. Etiraz edənlər bildiriblər ki, Akademik Milli Dram Teatrında böyük xidmətləri olan Ramiz Novruzun əməyinə də eyni ehtiram göstərilməli, o, da son mənzilə teatrdan yola salınmalı idi.

Asayis.Az xəbər verir ki, xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) isə Pravda.az-a müsahibəsində deyib ki, ümumiyyətlə, Azərpaşa Nemətovun vəfatından xəbərsiz imiş.

“Azərpaşa Nemətov rəhmətə gedib? Hə, Allah rəhmət eləsin. Ramiz Novruza da Allahdan rəhmət diləyirəm. Hamısı dostlarımızdır. 50 ildir, salam-kəlam edib, öpüşüb-görüşdüyümüz adamlardır. Bu məmləkətdə hər şey şəxsi münasibət zəminindədir, gəlin, bunu etiraf edək. Şəxsi, qohum-əqrəba, ailə müstəvisində hər şey həll olunur. İstəsək də, istəməsək də belədir. Kimə şikayət edəsən? Ramiz Novruz kimi bir adam teatrdan son mənzilə yola salınmadısa... Necə yəni? Dünyanın hər yerində sənətkarlar xidmət etdikləri “evdən” götürülür. Lakin sevindirici haldır ki, Azərpaşanın teatrdan götürülməsinə icazə veriblər. Sənətkar təkcə ailənin yox, bütün xalqın sənətkarıdır, dəyəridir. Həmişə belə olub. Sənətkarların son mənzilə teatrdan yola salınmasına kim qadağa qoyub? Dünya mədəniyyətindən, elmindən, əxlaqdan, xalqdan, dövlətdən xəbəri olmayan gəlib özündən qanun çıxarıb. Bunlar kimdilər müqəddəs dəyərlərə toxunub, murdarlayıb öz əxlaqlarından çıxış edərək qanun çıxarırlar? Bunun niyə ölçüsü yoxdur?”, - Ə.Mahmudov etiraz edib.

O bildirib ki, əvvəllər sənətkarlarla vida mərasimləri daha səviyyəli  keçirilib: “Hamımız son vida mərasiminə böyük təntənə ilə gəlirdik. Teatr aktyoru teatrdan, kino xadimləri, kino aktyoru da kinostudiyadan götürülürdü. Bu, həm də sənətkarın göstərdiyi xidmətlərə son hörmət, ehtiram əlaməti kimi dəyərləndirilirdi. İndi buna heç kim etiraz edə bilməz. Sənətkarlar 40-50 il xidmət etdikləri müqəddəs ocaqdan axirət dünyasına yola salınırdı. Hamı bilirdi ki, kimin yasında hara gəlsin... Mən indi hardan bilim, filan Xalq artisti harada yaşayır? Hər sənət adamının konkret olaraq xidmət göstərdiyi məkan, yer bəllidir. Kimlərsə gəlib Azərbaycan xalqının yüz illərlə formalaşdırdığı, yaşatdığı mənəvi Konstitusiyamız sayılan adət-ənənələrimizi dağıdıb, pis günə qoyub. Bunlar bütün ənənələrimizi pozurlar. Cəzasızlıq isə davam edir. Biri bunların qulağından tutub demir ki, ay alçaq, sən kimsən, özündən təzə qanun çıxarasan? Dövlət də var, dövlətin qanunu-qaydası da, adət də, ənənə də. Hər şeyi şəxsi müstəviyə, tayfa, qohumbazlığa çevirmək olmaz axı. Biabırçılıqdır. Millətin müqəddəs əxlaqi-mənəvi dəyərləri var – biri xalqdır, biri Vətən, biri də müstəqil dövlətçiliyimiz. Ən öndə isə ilk növbədə ailə atributları gedir. Bu Vətən, xalq hamınındır. Heç kim bunu öz dədə mülkünə çevirə bilməz. Çox təəssüf ki, məmurların çoxu bu xalqa, Vətənə dədələrinin mülkü kimi baxırlar…”

 

14:30 - 10 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin