Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları son dövrlərdə İran anti-İslam Respublikasının ölkəmizdə “Kərimə” dövləti ilə bağlı fəaliyyət göstərən casus şəbəkəsinin ifşa olunmasında kifayət qədər uğurlu əməliyyatlar həyata keçirir. Bu əməliyyatlar böyük ehtimalla həmin şəbəkənin İranın Azərbaycanda fəaliyyət göstərən səfirliyinin persona non-qrata elan edilən dörd nümayəndəsi ilə birbaşa əlaqəlidir.
Asayis.Az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.
O bildirib ki, İran Azərbaycan müstəqilliyini elan edən gündən bu günədək Azərbaycana qarşı tamamilə ləyaqətsiz və düşmənçilik siyasəti yürüdür. Biz də bunun bariz nümunəsini son günlərdə ifşa olunan casus şəbəkələrinin simasında aydın şəkildə görürük. İran həm Birinci Qarabağ müharibəsi zamanı, həm ondan sonrakı dövrdə, həm də Vətən müharibəsi və postmüharibə dövründə Azərbaycana qarşı kifayət qədər düşmən mövqedən çıxış edib və birmənalı olaraq işğalçı Ermənistanı tam dəstəkləyib.
Hərbi ekspert qeyd edib ki, işğal dövründə bir dəfə də olsun Ermənistanın sərhədləri dəyişmək cəhdinə münasibət bildirməyən İran Azərbaycanın qələbəsindən dərin şəkildə narahatlıq keçirir və bunu da öz ləyaqətsiz siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. İranın İslam dinindən öz maraqları üçün qonşu dövlətlərin ərazisində istifadə etməsi bizim üçün tamamilə qəbuledilməzdir. Bu ölkənin üzv olduğu beynəlxalq təşkilatlar da, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) çağırış etməsi həmin qurumların qərarlarını görməzdən gəlməsi, İƏT-in qərarlarına hörmət etməyən bir dövlət imici yaradıb. Ermənistanın işğalçılıq siyasətini pisləyən İƏT-in qərar və qətnamələrinə İranın tamamilə etinasız və hörmətsiz şəkildə yanaşması da bu ölkənin hakimiyyətinin ikiüzlü və riyakar xarakterindən xəbər verir. Dindən öz siyasi məqsədlərinin reallaşdırılması üçün istifadə etməsi, o cümlədən Fələstinin mövzusunu da fasiləsiz olaraq qabartması Azərbaycana qarşı yönəlmiş fəaliyyətlərdir və bu heç də reallığı özündə əks etdirmir.
Onun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Fələstinə səfəri, bu ölkədə Azərbaycanın daimi nümayəndəliyinin açılması, Prezident İlham Əliyevin göstərişi ilə Fələstində orta məktəbin tikilməsi Azərbaycan ilə bu ölkə arasındakı münasibətlərin kifayət qədər şəffaf olduğunu nümayiş etdirir. Azərbaycanın paytaxtı Qüds olmaqla Fələstin dövlətinin yaradılması konsepsiyasını dəstəkləməsi və İsrail ilə bu mövzuda müəyyən fikir ayrılıqlarının olmasını da İranın molla rejimi görməzdən gəlir və bu prosesləri tam əks istiqamətdə təqdim etməyə çalışır. İranın Fələstin məsələsindən öz siyasi maraqlarında istifadə etmək niyyəti və özünü bu dövlətin qayğısına qalan bir ölkə kimi göstərmək cəhdləri kifayət qədər iyrənc və riyakar davranış kimi qəbul edilir.
“İranın Azərbaycana qarşı ləyaqətsiz davranışları bizim üçün qəbuledilməzdir. Azərbaycan müstəqil dövlətdir və hər bir məsələdə Azərbaycanın ortaya qoyduğu mövqe tamamilə müstəqildir. İran kimi riyakar və ləyaqətsiz bir rejim Azərbaycanın apardığı müstəqil siyasət vektorlarına heç bir halda təsir edə bilməz”, - deyə Ə.Verdiyev vurğulayıb.