“İran İslam Respublikasının Azərbaycana qarşı yeritdiyi siyasət əslində islam dəyərlərinə, islam həmrəyliyinə daban-dabana ziddir. Eyni zamanda, bu İran İslam Respublikasının dövlət ideologiyası olan xamenizm prinsiplərinə əksdir. Xamenizm prinsiplərinə, doktrinasına, ideologiyasına görə müsəlmanın müsəlmandan yaxın dostu olmamalıdır”.
Asayis.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, belə olan vəziyyətdə İran özünü islam dövləti elan edir, İslam dövləti kimi dünyaya təqdim edir, amma əslində isə müsəlman ölkələrinə qarşı təxribatçı siyasət həyata keçirir:
“Xüsusilə son zamanlar İranın Azərbaycana qarşı yürütdüyü siyasəti tamamilə müsəlmançılığa ziddir. İran kütləvi informasiya vasitələrinin gecə-gündüz Azərbaycana qarşı hədyan-yalan ifraz etməsi, Azərbaycan səfirliyinə qarşı terror əməlinin törədilməsi, azərbaycanlı deputata qarşı terror əməlinin isə izlərinin İrana gedib çıxması və s. bütün bunlar onu göstərir ki, İran Azərbaycana qarşı sözün həqiqi mənasında informasiya və ideoloji müharibəyə başlayıb. Onu hərbi müharibəyə keçirmək niyyətindədir, faktiki olaraq bu istiqamətdə də hər gün yeni-yeni addımlar atır. İran parlamentinin 210 deputatın Azərbaycana qarşı qəbul etdiyi son bəyanatda bir daha bütün bu reallıqlar fonunda Azərbaycan dövləti də adekvat addımlar atmaqdadır. Biz mehriban qonşuluq siyasətinə hər zaman sadiq olmuşuq. Amma təəssüf ki, qarşı tərəf tamamilə bunun əksini həyata keçirdi”.
Elman Nəsirov qeyd edib ki, İran səfirliyinin 4 əməkdaşı Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən “persona-non-qrata” elan edilərək, onlara ölkəmizi tərk etmək üçün 48 saat vaxt verilib:
“Göründüyü kimi, Azərbaycan-İran münasibətləri hər gün daha da gərginləşməkdədir. Hər gün bu gərginlik özünün pik nöqtəsinə yaxınlaşmaqdadır və bütün bu baş verən proseslərə görə məsuliyyət İranın üzərinə düşür. İrandakı dini və siyasi rejim baş verənlərdə məsuliyyət daşıyır. Bütün baş verən hadisələrin bütün məsuliyyəti İrandakı molla rejiminin üzərindədir. Deyərdim ki, fəlakətlər olacağı təqdirdə bu, İran üçün faciəvi nəticələrə gətirib çıxara bilər”. Demokrat.az