“İran parlamentinin ölkəmizə qarşı bəyanatı son 3 ildə dini və hərbi rəhbərliyin hücumuna bütün dövlət hakimiyyətinin qoşulması deməkdir".
Asayis.Az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc bildirib:
“İran məclisi İslam Əməkdaşlığı Təşkilatına müraciət edir ki, ölkəmizin İsraillə münasibətlərinə maneə olsun. Birincisi, məğlub Azərbaycan İran üçün təhlükəsiz idi, məğlub Azərbaycan onlara daha çox sərf edirdi. İkincisi, Zəngəzur dəhlizinin açılmasına Ermənistan razılıq vermişdi, iki dövlət təzyiq göstərəndən sonra imtina etdi. “Məni hansı aqibət gözləsə də, sülh müqaviləsini imzalayacam” deyən Paşinyanı devirməyə qalxanlardan biri də İran idi. Buna görə İran Paşinyana ultimatum verdi", - deyə deputat qeyd edib.
Komitə sədri vurğulayıb ki, İran ordusu Ermənistan sərhədlərini havadan və peykdən qoruyur.
"Biz dini bir, dili bir qardaşlarımızı düşmən səngərinə atan qüvvələrin niyyətlərini bilirik-onlar Rusiya-Ukrayna vahid xalqını düşmən edənlər kimi biz azərbaycanlıları da Araz çayından qarşı duran səngərlərə çəkilib atəş açmağa təhrik edirlər ki, əbədi düşmənə çevrilək. İran narahatdır ki, Azərbaycan Naxçıvanla birləşən kimi, Ermənistanla 28 kilometrlik sərhəd bağlanacaq və o, Qafqazdan təcrid olunacaq. Sən demə, İranın Qafqazla min illik sərhədi Azərbaycana verildiyi üçün Zəngəzur Ermənistandan ayrılıb. Yekunda qoy hamı bilsin ki, Azərbaycanda yaşıl bayraqlı dövlət qurulmayacaq. Dünyəvilik bizim artıq qanımıza, canımıza keçib. İndi dünya xəritəsində Azərbaycan adlı dövlət var. Ona görə də ölkəmiz İrana qarşı 3-cü ölkələrdən hərbi yardım istəməyəcək. Prezidentin siyasi xarakterini, dəmir iradəsini hər kəs bilir. "Biz hərbi meydanda tək döyüşdük" deyən ölkə rəhbərinin strateji kursu qoy hamıya bəlli olsun - Azərbaycanla savaşdıqca, İran Azərbaycanlaşacaq”, - Zahid Oruc çıxışında qeyd edib.