Qərb mətbuatı İranla İsrail arasında məxfi danışıqların başlandığına dair sensasiya xarakterli məlumat yayıb. Danışıqlar Çinin vasitəçiliyi ilə Honkonq şəhərində keçirilir. Görüşün təşəbbüskarı kimi Pekin çıxış etsə də, bu işdə Rusiyanın da maraqları hiss olunur. Çin əvvəlcə İranla Səudiyyə Ərəbistanını barışdırdı, tərəflər arasında danışıqlar Pekində həyata keçirildi. Pekin indi daha ağır işə girişib, iki qatı düşməni barışdırmaq alınmasa da, İsraillə İranı qarşıdurmadan çəkindirmək istəyir. İranın Rusiya və Çinlə sıx əlaqələri mövcuddur. İsrail İran qədər Çin və Rusiya ilə tərəfdaş olmasa da, Moskva və Pekinlə dialoqu mövcuddur. Ona görə də Çin və Rusiya var gücləriylə İsraillə İranı müharibədən çəkindirmək istəyirlər. Bunun başlıca şərti İran nümayəndə heyətini nüvə silahı əldə etməyi düşünmədiklərini barədə İsrailin nümayəndə heyətini inandırmaqdır. Bu alınmasa Çində danışıqlar nəticə verməyəcək.
Asayis.Az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.
“Bu arada, başqa sual aktuallaşır. İran regional rəqibi Səudiyyə Ərəbistanı ilə barışmaq və qatı düşməni İsraillə müharibədən sovuşmaq istəyərkən qonşusu Azərbaycanı niyə hədələməkdə davam edir? Məntiqlə Tehran eyni ilə Bakı ilə də münasibətlərin normallaşması və mövcud problemlərin həllini sürətləndirmək barədə düşünməməlidirmi? Əksini müşahidə edirik. Belə çıxır ki, İran rejimi üçün Azərbaycana qarşı təxribatları davam etdirmək daha vacibdir. O ki qaldı, İranın Səudiyyə Ərəbistanı və İsraillə dialoqa başlamasına, hər ikisinin perspektivi dumanlıdır. İranda mövcud olan rejimin istənilən an atacağı təxribatçı addım Tehranın Səudiyyə Ərəbistanı və İsraillə münasibətlərini yenidən gərginlik nöqtəsinə gətirəcək. Digər tərəfdən ABŞ Çinin və ya Rusiyanın vasitəçiliyi ilə İranın Səudiyyə Ərəbistanı və ya İsraillə barışmasının əleyhinədir və bu prosesə müxtəlif vasitələrlə mane olacaq”, - E.Şahinoğlu qeyd edib.