"R&R Constructions" şirkətindən şikayət - Prezidentə müraciət olundu

"R&R Constructions" şirkəti Bakının Yasamal rayonunda Zivər bəy Əhmədbəyov və Məhəmməd Naxçıvani küçələrini qeyri-qanuni şəkildə tamamilə hasarlayıb, hasarlanma barəsində sakinlərin razılığı alınmayıb.

Asayis.Az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Zivər bəy Əhmədbəyov küçəsində yaşayan sakinlərin şikayətində bildirilib.

Sakinlərin sözlərinə görə, sözügedən şirkət onların yaşadıqları binaları “qəzalı” adı ilə təqdim edərək hasara alıb, sökmək istəyir.

Sakinlər bunun yalan informasiya olduğunu deyirlər. İddia edirlər ki, binların divarları möhkəmdir, şirkətin binaların qəzalı olması barədə arayışı hansı yolla aldığı müəmmalıdır.

Sakinlər arasında Vətən müharibəsi qaziləri, şəhid ailələri, xəstə övladı olanlar da var.

Onlar bildiriblər ki, binaların qəzalı olub-olmaması barədə Fövqəladə Hallar Nazirliyi tərəfindən də heç bir araşdırma aparılmayıb, binalara baxış keçirilməyib. Bəs şirkət belə bir nəticəyə haradan gəlib?

Vətəndaşlar deyiblər ki, "R&R Constructions" şirkəti onların mülkiyyət hüququnu tam şəkildə pozur, belə olan halda hökumət tərəfindən şirkətlə bağlı niyə tədbir görülmür? Onların sözlərinə görə, bina qəzalı olsaydı, icra hakimiyyəti ikinci mərtəbələrin tikilməsinə icazə verməzdi. Sakinlər həyətlərindəki meyvə ağaclarının, dekorativ bitkilərin kəsilərək, dibinə beton töküldüyün də bildirib, bu məsələdə Ekologiya və Təbii Sərvətlər Nazirliyini də günahlandırıblar. ETSN-nin məsələyə nəzarət etmədiyini deyiblər.

Media nümayəndələrinin sözügedən ərazidə çəkiliş etdikləri zaman birdən-birə şirkətin tərəfini saxlayan və özünü “sakin” kimi təqdim edən xanım peyda olub. O bildirib ki, yaşadığımız yer xarabadır, müqaviləyə imza atıb, şirkətin sənədləri saxta deyil, şirkət sahibindən razıdır, belə xarabalıqda yaşamaq istəmir. Digər sakinlər həmin xanımı tanımadıqlarını, onun Yasamal rayon icra başçısı Elşad Həsənovun qəbulunda da eyni tərzdə çıxış etdiyini bildiriblər.

Sakinlər hasarların sökülməsini, əks təqdirdə şirkət onların irəli sürdükləri şərtlərə əməl etməsini tələb edirlər. “Evimizi satmırıq, belə halda şirkət qarşımıza şərt qoya bilməz, bütün evlərin rəsmi sənədi var” deyən vətəndaşlar Prezident İlham Əliyevə müraciət ünvanlayıb, aidiyyəti üzrə köməklik göstərilməsi üçün çağırış ediblər.

13:39 - 24 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin