Ərini sifarişlə öldürtdürməkdə ittiham olunan Əzizə Seyidova və qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev, Elnur Əliyev məhkəmə qarşısına çıxarılıb.
Asayis.Az-ın xəbərinə görə, Sabunçu Rayon Məhkəməsinə keçirilən iclasda müstəntiq təqsirləndirilən şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilməsinin zəruri olduğunu bildirib.
Məhkəmə təqdimatı əsaslı hesab edib. Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə martın 16-da Sabunçu rayonunda baş verib.
Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Onlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
APA