Xəbər verdiyimiz kimi, ötən gün Bərdənin Uğurbəyli kəndində yaşayan 39 yaşlı ibtidai sinif müəllimi Arzu Əliyeva Bakıda əməliyyatdan sonra dünyasını dəyişib.
Asayis.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aqşin Ağayev sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, 1984-cü il təvəllüdlü vətəndaş Arzu Əliyeva martın 11-də bağırsaq keçməzliyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə müraciət edib: “Çox ağır vəziyyətdə olan xəstəyə lazımi müayinələr edildikdən sonra təcili olaraq cərrahi əməliyyat icra olunub. Əməliyyat prosesində xəstənin bağırsaqlarında müsariqə arteriyasının trombozu (bağırsaq infarktı) nazik bağırsağın total qanqrenası olduğu aşkarlanıb. Arzu Əliyeva əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti çox ağır olan xəstə əməliyyatdan bir gün sonra vəfat edib. KTM-yə müraciət etmədən öncə xəstə özəl tibb müəssisəsində də müayinədə olub və bağırsaq keçməzliyi diaqnozu qoyulub”.
A.Ağayevin sözlərinə görə, nazik bağırsağın total qanqrenası diaqnozu ilə xəstənin həyatda qalma şansı sıfra bərabərdir.