Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist dünən baş tutan Ağdama bir günlük səfərdən sonra Gəncə şəhərinə gəlib və Ermənistanın raket zərbələri endirdiyi ərazilərdə olublar.
Asayis.Az report-a istinadən xəbər verir ki, xarici jurnalistlər bu faciəvi hadisələr barədə məlumatlandırılıblar.
Jurnalistlər günahsız dinc əhaliyə qarşı törədilən hərbi cinayətin nəticələrini öz gözləri ilə görüblər.
"Burada əvvəllər istirahət parkı, yaşayış məhəlləsi olub. Ermənistan silahlı qüvvələri bura gecə saat 1 radələrində, hamı yatarkən zərbə endirməyə başlayıb", - Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadıgar Bədəlov jurnalistlərə bildirib.
O, həmçinin qonaqlara hadisə qurbanlarının fotoşəkilləri yerləşdirilmiş fotostendi nümayiş etdirərək vurğulayıb ki, 2020-ci ilin oktyabrında törədilmiş bu raket hücumları nəticəsində 10-u qadın və 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 130-dan çox insan yaralanıb.
Y.Bədəlov yaxın zamanda bu ərazidə raket hücumu qurbanlarının xatirəsinə həsr olunmuş xatirə muzeyinin tikintisinə başlanılacağını söyləyib.