"Son aylarda həmkarlarımızın istehsal etdiyi yeni filmlərimizə marağınız və rəğbətiniz bizi stimullaşdırır, sevindirir, yeni-yeni işlər görməyə sövq edir. Obyektivliyiniz, tərifləriniz və tənqidləriniz üçün çox sağ olun. Amma müəllifi olduğum ekran işlərini bənzətmədə, plagiatlıqda ittiham etmək nadanlıq və sayğısızlıqdır".
Bu sözləri sosial şəbəkədə müzakirə olunan "Əqrəb mövsümü" serialının aktyoru və ssenaristi Azər Aydəmir feysbuk səhifəsində yazıb. O, ekran işinin türk kinematoqrafiyası ilə əlaqəli olmadığını bildirib:
"Bəli, hər bir yazar, ssenarist, kinematoqrafist ömürboyu təsiri olduğu əsərlərdən ilhamlana bilər. Bu sözü lütfən yadda saxlayın. Sözsüz, mən də ilhamlanan adamam. Yazdıqlarımın yaxından, uzaqdan türk kinematoqrafiyası və ədəbiyyatı ilə əlaqəsi yoxdur. Ola bilməz və heç vaxt olmayacaq.
Türk kinematoqrafı bildiyiniz kimi 99,9 % etibarı ilə remeyklər çəkir. Siz indi həmin filmlərin orijinallarına baxmırsız və baxmamısınızsa, burada qədim tarixi və siması olan Azərbaycan kino yaradıcılığının və şəxsən mənim günahım yoxdur.
"Əqrəb mövsümü"nün yazılmasında ilham mənbəyi olaraq aşağıdakı filmlər qərar almışdır: Əvvəla film "Əqrəb" romanının motivləri əsasında (Ceyhun Hidayətli) senarilişdirilib. Yazı prosesində isə "Seven", "Mindhunter", "True detective", "The bone collector", "Ressurection", "Primal fear" flmləri ilham mənbəyim olub".
Qeyd edək ki, ekran işinin rejissoru Emil Quliyevdir. Serialda Hikmət Rəhimov, Azər Aydəmir, Elşən Rüstəmov və başqaları rol alıblar.