Türkiyədəki zəlzələnin ağrısı Azərbaycanda da eynilə hiss olunur. Bunu azərbaycanlıların qardaşları üçün topladığı yardımlarda əyani şəkildə görmək mümkündür. Yardım aparan köhnə avtomobilin fotosu isə təkcə Azərbaycanda yox, Türkiyədə də gündəmə çevrildi.
Asayis.Az xəbər verir ki, Türkiyə mediası köhnə avtomobildə daşınan yardımdan və yardım edən ailədən yazır.
“Milliyet” qəzeti xəbəri “Zəlzələdən sonra Türkiyənin müzakirə etdiyi foto” başlığı ilə təqdim edib.
Qəzet yazır: “Zəlzələdən sonra Türkiyənin köməyinə ilk çatan yenə Azərbaycan oldu. Axtarış-xilasetmə qrupları ilə yanaşı, Azərbaycan xalqı də Türkiyə üçün səfərbər olub. Xüsusilə sosial mediada paylaşma rekordu qıran bir foto bu birliyin və bərabərliyin simvoluna çevrildi. Köhnə bir avtomobil Bakı küçələrində Türkiyəyə göndərmək üçün yorğan daşıyır”.
Qəzet avtomobilin sürücüsü Sərvər Bəşirlinin Azərbaycan mediasına dediyi sözlərə də yer verib.
“Ermənistanın işğalından azad olunan Laçında dünyaya gəlmiş və Bakınnın ətraf bölgələrində yaşayan Sərbər Bəşirli “evsiz qalmağın nə olduğunu bilirəm” deyir. Həmçinin, Türkiyədəki qardaşlarına qida yardımı da göndərəcəklərini bildirir. Bu, qardaşlığın simvoludur”, - qəzet yazır.