İnsan psixologiyası təbiət hadisələrinə niyə hazır deyil? – Psixoloqdan ÇIXIŞ YOLU

 İnsan psixologiyası təbiət hadisələrinə niyə hazır deyil? – Psixoloqdan ÇIXIŞ YOLU

Bu günlərdə televiziya, mətbuat, sosial şəbəkələr Türkiyədə yaşanan zəlzələ fəlakəti ilə bağlı kadrlar və məlumatlarla dolub-daşır. Həssas kadrlar hadisələri canlı yaşayanlarla yanaşı, görüntülər vasitəsilə şahidi olanlara da fəsadsız ötüşmür. Bu cür hadisələrin travmasından qorunmaq üçün nələrə diqqət olunmalıdır?       

Asayis.az xəbər verir ki,bu barədə Bizim.Media-ya Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq PhD Elnur Rüstəmov danışıb.

Bildirib ki, zəlzələlər, təbii fəlakətlər insan psixologiyasına mənfi təsir göstərən ən böyük faktorlardan biridir:

“Təbii fəlakətlər qəfildən baş verir, insanlar bu barədə əvvəldən məlumatlı olmadıqları üçün hazırlıq tədbiri görmürlər. Belə hallarda yaşanan psixoloji sarsıntılar çox böyük miqyas alır. Hadisəni birbaşa yaşayanlar və sağ qalanlar var ki, yaşadıqları dəhşətləri uzun müddət unuda bilmirlər. O da insanın yuxu sisteminə, həyat fəaliyyətinə, emosional sferasına çox mənfi təsir göstərir. Hadisəni televiziyadan, sosial şəbəkədən görən, şahidi olan insanların da hər biri fəlakətin təsirini psixoloji durumunda hiss edir”.

Psixoloq bildirib ki, fəlakətin şahidi olan insanlara ilkin psixoloji yardım göstərilməlidir. Bu işdə tək psixoloqlar yox, pedaqoqlar, həkimlər də iştirak etməlidir:

“Onlara elə yardım olunmalıdır ki, yaşamaq istəkləri arta bilsin. Çünki bu cür vəziyyətlərdə özünəqapanma, depressiya, intihar etmə düşüncəsi yaranır. Bundan başqa psixoloji maariflənmə işinin aparılması vacibdir ki, insanlar psixoloji dayanıqlığı qoruyub saxlaya bilsinlər”.

Elnur Rüstəmovun sözlərinə görə, həssas reaksiya göstərən insanlara bu cür hadisələrlə bağlı görüntüləri birbaşa göstərmək olmaz:

“Həssas insanlara bu cür fəlakətləri birbaşa göstərmək doğru olmaz. Hadisəni yaşayan insanlara isə kompleks tədbirlər göstərilərsə, bir müddət sonra həyat keyfiyyətlərini artıra bilərlər. Bu cür hadisələrdə uşaq və yeniyetmələr xüsusi nəzarətə götürülməli, onlara intensiv şəkildə psixoloji xidmət göstərilməlidir. Çünki ən çox travma yaşayanlar bu kateqoriyadan olanlardır”.

09:30 - 9 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin