Bakıda yol hərəkətinin təşkilində edilən dəyişiklikdən sürücülərin əksəriyyətinin xəbəri yoxdur.
Asayis.az Avtosfer.az-a istinadla xəbər verir ki, söhbət Beynəlxalq Avtovağzalın qarşısındakı yolayrıcından gedir.
Belə ki, son dəyişiklikdən sonra Biləcəri dairəsindən gələrək sağa dönən sürücülər üçün "Yol ver" nişanı quraşdırılıb. Ondan sonrakı kəsişmə yerində isə "Baş yol" nişanı qoyulub.
Bu səbəbdən həmin istiqamətdə hərəkət edən sürücülər əvvəlcə "Yol ver" nişanının tələbini yerinə yetirərək qarşıdan gəlib sola dönən avtobuslara yol verməli, daha sonra hərəkətlərini davam etdirməlidirlər. Kəsişmə yerinə daxil olduqdan sonra isə artıq üstünlük həmin sürücülərdə olur.
Qeyd edək ki, "Yol ver" nişanının tələbini pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 3 cərimə balı və 100 manat məbləğində cərimə oluna bilərlər.
