Dövlət büdcəsi ilə icmal büdcənin fərqi nədir?

 Dövlət büdcəsi ilə icmal büdcənin fərqi nədir?

Dövlət büdcəsi icmal büdcənin bir komponentidir. İcmal büdcə daha geniş anlayışdır. İcmal büdcə ölkənin dövlət tərəfindən həyata keçirilən bütün büdcə sistemini və fondlarını əhatə edir.

Bu sözləri Asayis.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli dövlət büdcəsi ilə icmal büdcənin fərqini izah edərkən qeyd edib.

“Dövlət büdcəsi il ərzində hökumətin topladığı gəlirlərdir və həmin gəlirləri hara xərcləyəcəyinə dair plandır. İcmal büdcəyə isə dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi, büdcədənkənar fondlar və s. daxildir. İcmal büdcə dövlətin il ərzində əsas, həmçinin ümumiləşmiş gəlir və xərclərinin istiqamətidir.

Misal üçün, Neft Fondunun gəlirləri icmal büdcədə görünür, lakin dövlət büdcəsində yalnız fonddan büdcəyə köçürülən məbləğ göstərilir. Neft Fondunun gəlirlərinin dövlət büdcəsində görünməməsinə səbəb onun vəsaitlərinin özündə formalaşmasıdır. Neft Fondundan büdcəyə nə qədər verilirsə, həmin o vəsait dövlət büdcəsinin gəlirində görünür. İcmal büdcədə isə bunların hamısı cəmlənir.

Digər tərəfdən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri və xərcləri dövlət büdcəsinə daxil deyil. Ancaq büdcədən DSMF-yə göndərilən vəsait dövlət büdcəsində görünür. Ancaq qurumun özünün topladığı vəsaitlər də var axı. İcmal büdcədə bunların hamısı görünür.

Qısaca, dövlət büdcəsində gəlirlər həm vergilərdir, həm Neft Fondundan götürülən hissələrdir və s. Amma icmal büdcə dövlətin il ərzində tam gəlirləri barədə təsəvvür verir”, - deyə ekspert bildirib.

08:30 - 5 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin