Bu küçələrə maşınlarla daxil ola bilməyəcəksiniz

 Bu küçələrə maşınlarla daxil ola bilməyəcəksiniz

Bakı şəhərində mobilliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi və piyada hərəkətinin təşviqi istiqamətində tədbirlər davam etdirilir.

Asayis.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, bu çərçivədə 2 ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək.

"Dəyişikliklər Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil edilir", - məlumatda qeyd olunur.

Təşəbbüsün əsas məqsədi şəhərin piyada zonalarının arasında əlaqəliliyin təmin edilməsi, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün əlverişli şəraitin yaradılması, şəhər mərkəzində ekoloji cəhətdən daha təmiz mühitin formalaşdırılması, eləcə də ərazinin turizm və biznes potensialının artırılmasıdır.

Qeyd edək ki, əvvəlki qaydada olduğu kimi, fərdi parklanma talonuna malik sakinlərin, operativ, tibbi, kommunal, eləcə də logistika xidmətləri göstərən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin ediləcək. Bununla yanaşı, ərazidə fəaliyyət göstərən dövlət qurumları, diplomatik nümayəndəliklər, tibb müəssisələri və biznes subyektləri ilə müvafiq iş aparılacaq, onlara zəruri dəstək göstəriləcək.

Qaydaların tətbiqinə oktyabrın 5-dən etibarən test rejimində başlanılması nəzərdə tutulur.

Əlavə suallarla bağlı iş saatlarında [email protected] e-poçt ünvanı və +994771000141 nömrəsi vasitəsilə əlaqə saxlanıla bilər.

13:08 - 28 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin